28 C
Baku
Friday, June 20, 2025

MIT araşdırması: “ChatGPT” beynin koqnitiv qabiliyyətini zəiflədir

Massaçuseç Texnologiya İnstitutunun (MIT) “Media Lab” tədqiqat qrupu süni intellektlə qarşılıqlı əlaqənin insanların koqnitiv qabiliyyətinə necə təsir etdiyinə həsr olunmuş bir sıra araşdırmalar aparıb. Məlum olub ki, süni intellektə həddən artıq güvənən insanlar “idrak borcu” ilə qarşılaşır, yəni onların öyrənmə qabiliyyəti və tənqidi düşüncə səviyyəsi nəzərəçarpacaq dərəcədə və davamlı şəkildə azalır.

Alimlər 54 iştirakçını üç qrupa bölərək, onların hər birinə dörd ay ərzində müxtəlif mövzularda inşa yazmağı tapşırıblar. Bu üç qrupdan yalnız biri “ChatGPT”dən istifadə edə bilərdi, digər iksi isə məqalələri araşdırma və sənədlərin təhlili əsasında yazmalı idi. Daha sonra alimlər bütün iştirakçıların beyin fəaliyyətini tətqiq ediblər. Onların çıxardığı nəticələr aşağıdakı kimidir:

– “ChatGPT”nin köməyi ilə məqalə yazan insanların beyni “ən keyfiyyətsiz və dayanıqsız” neyron şəbəkələr formalaşdırmışdı, belə ki, onlar bir neçə dəqiqə əvvəl yazdıqlarını xatırlamağa çətinlik çəkirdi.

– Süni intellektdən istifadə edən iştirakçılar mətnə daha az tənqidi yanaşırdılar, yazdıqları məqalələr isə çox primitiv idi.

– Süni intellekt qrupundan bu alətdən istifadə etmədən məqalə yazmaq istənildikdə, onların beyin fəaliyyəti müstəqil işləyən qruplardan xeyli aşağı idi.

“İnsanlar süni intellektin təhsilə təsirinin əsl miqyasını yenicə dərk etməyə başlayır və biz burada öyrənmə qabiliyyətinin zəifləməsi kimi bir problemin aktuallığını göstəririk”, –  alimlər yazır.

Bununla belə, tədqiqat iştirakçıların sayına, əsasən “ChatGPT” və mətn əsaslı tapşırıqlara diqqət yetirməsinə və qiymətləndirilən tapşırıqların funksional şəkildə ayrılmasına görə tənqid edilmişdir.

Bu niyə vacibdir?

Tədqiqatçılar hesab edirlər ki, onlar tələbələri süni intellekt kimi bir yardımçı alətdən təcrid etməyin zəruriliyini nümayiş etdiriblər. Mütəxəssislərə görə, süni intellekt uşaqların koqnitiv bacarıqlarını zəiflədə və gələcəkdə saymaq, yazmaq və oxumaq kimi elementar tapşırıqların öhdəsindən gəlməyinə mane ola bilər.

Son xəbərlər
Digər xəbərlər