Yaponiyanın “Mitsui” şirkəti Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı layihələrinə investisiya qoyuluşunda maraqlıdır. Bunu şirkətin vitse-prezidenti Keniçi Moçida deyib.
“Bu gün Energetika Nazirliyi və Yaponiyanın “Mitsui” şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur. Memorandumu energetika nazirinin müavini Samir Vəliyev və “Mitsui” şirkətinin vitse-prezidenti M.Keniçi imzalayıb”, – deyə Energetika Nazirliyinin məlumatında bildirilir.
S.Vəliyev “Mitsui” şirkəti ilə əməkdaşlığın ölkəmizdə bərpa olunan enerji sahəsinin inkişafına, birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyini bildirib.
M.Keniçi memorandumu bərpa olunan enerji sahəsində Azərbaycan-Yaponiya əməkdaşlığının nümunəsi kimi qiymətləndirib. O qeyd edib ki, şirkət Azərbaycanda bərpa olunan enerji, xüsusilə külək enerjisi sahəsində həyata keçiriləcək layihələrə investisiya qoymaq niyyətindədir.
“Görüşdə bərpa olunan enerji sahəsində gələcək əməkdaşlığın əsas hədəf və istiqamətləri ilə bağlı müzakirələr aparılıb”, – deyə məlumatda vurğulanır.