“MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı” ASC nizamnamə kapitalının artırılması məqsədilə yeni səhm emissiyasına hazırlaşır.
Banker.az xəbər verir ki, BOKT hər birinin nominal dəyəri 30 001 manat olan 160 ədəd adi, adlı və sənədsiz səhm buraxaraq təxminən 4.8 mln manat vəsait cəlb etməyi planlaşdırır.
Səhmlərin kütləvi təklifi Bakı Fond Birjasında anderrayter qismində “Troni İnvestisiya Şirkəti” QSC-nin iştirakı ilə həyata keçiriləcək.
Səhm buraxılmasının əsas məqsədi BOKT-nin maliyyə dayanıqlığını gücləndirmək və dövriyyə kapitalını artırlması göstərilib. Cəlb ediləcək vəsaitin əsasən kredit portfelinin genişləndirilməsinə, müştərilərə verilən kreditlərin həcminin artırılmasına və əməliyyat fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Maliyyə göstəricilərinə görə, 2024-cü ilin sonuna “MJ Financial Services BOKT”nin cəmi aktivləri 15.48 mln manata, müştərilərə verilmiş kreditlərin həcmi isə 14.72 mln manata çatıb. Həmin il üzrə faiz gəlirləri 9.25 mln manat, vergidən əvvəlki mənfəət isə 4.6 mln manat təşkil edib.
Hazırda BOKT-nin nizamnamə kapitalında əsas pay sahibləri Aydınov Camal İsax oğlu (70 faiz) və Rüstəmov Mədəd Nadir oğludur (30 faiz).
Xatırladaq ki, 2019-cu ilin aprelində “MJ Financial Services” MMC kimi təsis edilsə də, sonradan BOKT-yə çevrilib. BOKT hazırda 300 010 manat nizamnamə kapitalına sahibdir və bu da Mərkəzi Bankın minimal tələb norması olan 1 mln. manatdan aşağıdır.







