MKR kredit risklərinin idarə olunması üçün mühüm bir mənbədir

Müsahibimiz: Mərkəzləşdirilmiş kredit reyestri xidmətinin rəhbəri Elçin Həbibov

Elçin müəllim, ilk öncə müsahibə üçün təşəkkür edir və çox ləngimədən ilk sualımıza keçmək istərdim.

Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri artıq neçə müddətdir ki, fəaliyyət göstərir və bu müddət ərzində reyestrin nə kimi nailiyyətləri olmuşdur?

Daha dəqiq desək, reyestr 2005-ci ildə fəaliyyətə başlamışdır. Ötən dövr ərzində isə onun fəaliyyəti ən qabaqcıl təcrübələr əsasında ardıcıl olaraq təkmilləşdirilmişdir. MKR-in məqsədi banklar və BOKT-lar arasında kredit məlumatlarının mübadiləsinin təmin edilməsi, kredit risklərinin azaldılması və borcalanların öhdəliklərinin icrası üzrə intizama təşviq edilməsidir. Düşünürəm ki, nailiyyətlər də məqsədə nə dərəcədə yaxınlaşa bilməyimiz prizmasından qiymətləndirilməlidir. Fikrimcə, hər üç istiqamətdə ciddi uğurlarımız var. Rəqəm olaraq cari ilin ilk yarısında MKR-də həyata keçirilmiş sorğuların yeni verilmiş kreditlərə nisbəti artıq 97 faizə çatmışdır. Bu ötən ilin göstəricisi ilə müqayisədə 25 faiz daha yüksəkdir. Başqa sözlə desək, kredit təşkilatlarının mütləq əksəriyyəti borcalanın MKR-dən çıxarışını əldə etdikdən sonra müvafiq kredit qərarını qəbul edirlər. Bu isə bizim hər üç məqsədimizə daha da yaxınlaşmağımıza xidmət edir.

Reyestrin fəaliyyəti ilə bağlı bəzi statistik rəqəmləri ala bilərikmi?

  •     İndiyə qədər reyestrə neçə sorğu edilib və ya neçə sorğu cavablandırılıb?
  •     Müştəri şikayətlərinin sayı nə qədərdir və indiyə qədər neçə şikayət müştərilərin xeyrinə öz həllini tapıb? Bankın xeyrinə həll olunan şikayətlər varmı?
  •     İndiyə qədər müraciətçilər arasında reyestrin fəaliyyətinin təkmilləşməsi istiqamətində maraqlı təkliflərlə çıxış edənlər olubmu?

Mərkəzi Bankın saytında hər rübün sonuna MKR-də olan əməliyyatlar haqqında statistik məlumatlar yerləşdirilir. Böyük məmnuniyyətlə burada da sorğularla bağlı statistikanı bölüşürəm.

mkr2013-cü ilin ilk yarısında MKR-ə 2358 şəxs tərəfindən müraciət daxil olmuşdur. Bu müraciətlərin böyük əksəriyyəti şəxsi istifadə məqsədilə sorğu, 628-i dəqiqləşdirmə, 24-ü isə şikayət xarakterli olmuşdur. Dəqiqləşdirmə məqsədilə sorğu daxil olduqda məlumat mənbəyi ilə həmin məlumat bir daha yoxlanılır və dəqiqləşdirilir və ya məlumat təchizatçısının adı əks olunmuş kredit hesabatı yerində araşdırılması üçün şəxsə təqdim olunur.

Şikayət ərizələrinin araşdırılması məqsədilə isə zəruri sənədlər (kredit müqaviləsi, hesabdan çıxarış və s.) toplanılır və onun əsasında Mərkəzi Bankın rəhbər şəxsləri tərəfindən müvafiq qərarlar qəbul edilir. Cari ilin ilk yarısında 11 şəxsin şikayəti əsaslı hesab edilmiş, borcalanın hesabatında müvafiq düzəlişlər edilmişdir.

MKR-in fəaliyyəti ilə bağlı təkliflərin əksəriyyəti kredit təşkilatlarından gəlir. İlin sonunda istifadəçilər arasında rəy sorğusu keçirilir və həm göstərilən xidmətin qiymətləndirilməsi həyata keçirilir, həm də onların təklifləri əldə edilir. Təkliflər öyrənilir, MKR-in inkişaf strategiyası əsasında qiymətləndirilir və buna uyğun olaraq növbəti illərə planlaşdırma həyata keçirilir.

Şəxslərin maraqlı təkliflərinə gəldikdə isə hesabatda gecikmə günlərinin görünməməsi və ya ödəniş bitdikdən sonra silinməsi və s. kimi təklifləri qeyd etmək olar.

Reyestrin fəaliyyətində nə kimi təkmilləşmələr etmək mümkündür, bu istiqamətdə hansı işlərin görülməsi planlaşdırılır?

Bu ilin planları əsasən iki istiqamətdə təkmilləşdirmənin tətbiqinə yönəlmişdir: bank və BOKT-lər üçün veb xidmətin yaradılması və Mərkəzi Bankın analiktik hesabatlar sistemi ilə inteqrasiya. Birinci təkmilləşdirmə kredit təşkilatlarına məlumatları maşından maşına oxuna bilən formatlarda əldə etməyə və sonrakı biznes proseslərində də istifadə etməyə, ikinci təkmilləşdirmə isə reyestrin məlumatlarından Mərkəzi Bankın analitik hesabatlarının hazırlanmasında rolunu daha da gücləndirməyə imkan verəcəkdir.

MKR-ə ay ərzində kifayət qədər informasiya axını mövcuddur və bəzən texniki hesablama ucbatından banklar gecikməsi olmayan müştərilərə gecikmə göndərir. Sonradan həmin müştərilər digər banka müraciət etdikdə məlum olur ki, bu müştərinin kifayət qədər gecikmə günləri mövcuddur Təbii ki müştəri MKR ərizə forması ilə müraciət etdikdə həmin gecikmə günlərinə yenidən baxıla bilər – lakin bizi düşündürən digər məsələdir,

MKR bu tip texniki nöqsanların maksimal dərəcədə azaldılması ilə bağlı hansısa “filter”lər işləyib hazırlayırmı?

2009-cu ildən MKR üçün məlumat hazırlanması prosesinin avtomatlaşdırılması bütün banklar tərəfindən başa çatdırılmışdır. Bununla yanaşı MKR-ə daxil olan hər bir kredit haqqında məlumat 40-a qədər texniki və məntiqi filtrdən süzülərək bazaya alınır. Səhv hesab etdiyimiz məlumatlar geri qaytarılır və onların düzəldilməsi prosesi izlənilir. Bütün bu prosesləri MKR-də avtomatlaşmış sistemlər idarə edir və hər ay təqribən 2 mln. kredit məlumatı bu prosesdən keçərək bazada yenilənir. Təbii ki, bütün bunlar texniki səhvləri minimuma endirir, lakin tam aradan qaldırmır. Gecikmə günlərinin hesablanması ilə bağlı isə qeyd edim ki, bu kredit təşkilatları tərəfindən hesablanır və MKR-ə göndərilir. Təbii ki, müştəri gecikdirmədiyini, bank isə məlumatın MKR-ə düzgün təqdim edildiyini bildirir. Bunun üçün isə qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq MKR-də səhv olduğu iddia olunan məlumatın mübahisələndirilməsi mexanizmi mövcuddur.

Bir neçə bankın birləşərək kredit büroları yaratması fikrinə necə münasibət bəsləyirsiniz? Sizin fikrinizcə, bu digər bir tərəfdən müştəri sirrinin və hüquqlarının pozulması deyilmi?

Bildiyiniz kimi, kredit bürolarının yaradılması prosesi banklarla Beynəlxalq Maliyyə Korporasiyasının “Azərbaycanda və Orta Asiyada Maliyyə infrastrukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri” layihəsi çərçivəsində həyata keçirilir.

Bu təşəbbüslər bizim tərəfimizdən də dəstəklənir. Kredit büroları statuslarından dolayı, ümidvaram ki, daha geniş spektri əhatə edə, habelə çeşidli xidmətlər göstərə biləcək və bununla da maliyyə sabitliyinə daha mühüm töhfələr verəcəkdir. Hesab edirəm ki, artıq o dövr gəlmişdir ki, banklar bu sahənin yükünün əhəmiyyətli hissəsini öz çiyinlərinə götürmək təşəbbüsü ilə çıxış etmişlər. Əminəm ki, bu sahədə beynəlxalq təcrübə, habelə Mərkəzi Bankın zəruri dəstəyi ilə kredit bürolarının yaranmasına və uğurlu fəaliyyətinə nail olunacaqdır.

Bank sirri rejimi qanunla qorunur və kredit büroları üçün də eyni qayda qüvvədə olacaqdır. Şəxsin razılığı olmadan onun haqqında kredit bürosundan sorğu olunması, habelə saxlanılan məlumatların təhlükəsizliyi qanunla qorunacaq.

Hazırda Azərbaycan kredit bazarını necə şərh edərdiniz, bazarda hansı tendensiyalar hökm sürür?

Yalnız MKR-in məlumatları əsasında kredit bazarındakı tendensiyalar haqda fikir söyləmək düzgün olmazdı. Bunun üçün Mərkəzi Bankda araşdırmalar və daha dərin təhlillər aparılan bir neçə struktur bölmə, habelə daimi komitə fəaliyyət göstərir. Lakin, bəzi aydın görünən detalları bölüşə bilərəm: Azərbaycanda kredit bazarı sürətlə böyüyür, əhalinin maliyyə xidmətlərinə çıxışı yaxşılaşır, əksər banklarda həm xidmətin, həm də məhsulların səviyyəsi yüksəlir.

Kredit risklərinin minimallaşması təkcə MKR-in deyil, ilk növbədə banklarda risklərin idarəedilməsi işinin keyfiyyətli qurulmasından və bankların fəaliyyətindən asılıdır. Ona görə də düşünürük ki, bu məsələ ilə bağlı onlara hər hansı bir tövsiyəniz və ya müraciətiniz ola bilər.

Təbii ki, MKR kredit risklərinin idarə olunması üçün mühüm bir mənbədir. Onun risk idarəetmə alətlərindən birinə çevrilməsi banklarda risklərin idarə edilməsi işinin qurulmasından çox asılıdır. Hesab edirəm ki, bu sahədə hiss ediləcək qədər irəliləyiş vardır. Risklərin idarə edilməsi daim inkişaf edən bir sahədir və öyrəniləsi, tətbiq ediləsi çox məqamlar var. Bu sahədə fəaliyyət göstərən hər bir menecerə uğurlar arzulayıram.

Elçin müəllim, vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkürlər və rəhbərlik etdiyiniz qurumun fəaliyyətində sizə yeni nailiyyətlər əldə etməyi arzu edirik!

Mən də Sizə təşəkkür edirəm!


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.