26 C
Baku
Wednesday, April 24, 2024

Mərkəzləşdirilmiş kredit reyestri xidmətinin rəhbəri Elçin Həbibovla müsahibə

MKR nədir və o Azərbaycan Kredit  sisteminə nə verəcək?

Mərkəzləşdirilmiş kredit reyestri (MKR) borcalanlar və onların bank sistemindəki öhdəlikləri haqqında məlumatların toplandığı informasiya bazasıdır. Banklar bu bazadan istifadə etməklə cari və potesial borcalanlarının ümumi bank sistemində olan öhdəlikləri haqqında etibarlı məlumatlar alır, mümkün kredit risklərinin minimuma endirməyə çalışırlar. Eyni zamanda  MKR-in digər bir rolu da borcalanların ödəniş intizamına təşviq edilməsidir. MKR borcalan haqqında ilkin təəssüratı formalaşdıran mənbə, bank və borcalan arasında etibarı yaradan vasitədir. Düşünürəm ki, MKR-in kredit sistemində yaratdığı ən böyük dəyər məhz həmin bu məlumat assimmetriyasının minimuma endirilməsidir.

BOKT-lərin də qoşulmasından sonra yaxın gələcəkdə daha hansı təşkilatların MKR-ə qoşulması gözlənilir?

MKR-in əhatə dairəsini “Banklar haqqında” və “BOKT-lər haqqında” Qanunlar müəyyənləşdirir. Bu qanunlarda da banklar və BOKT-lər MKR sisteminin üzvləri kimi tanınmışdır. Amma o fikirlə də razılaşıram ki, borcalanın digər mənbələrdən də krediti və ya bir başqa öhdəlikləri də ola bilər və bu mübadilə sisteminin geniş olması daha yaxşı olardı. Deyək ki, lizinq, sığorta, lombard, hətta kommunal şirkətlər və s. Bu ehtiyacın qarşılanması üçün isə beynəlxalq praktikada MKR deyil, daha geniş əhatə dairəsinə malik və kommersiya yönümlü fəaliyyət göstərən kredit büroları fəaliyyət göstərirlər. Borcalanın ödəniş qabiliyyətinə təsir göstərə bilən və məlumat göndərməyə razılıq vermiş  istənilən mənbə müvafiq müqavilə əsasında bu bürolara qoşulma imkanlarına malik olurlar. Bu ehtiyacı nəzərə alaraq Mərkəzi Bank “Kredit büroları haqqında” Qanun layihəsini hazırlamışdır. Ümid edirik ki, il ərzində bu layihəni parlament müzakirələrində görə biləcəyik.

MKR-in Mərkəzi Bank nəzdində saytını açmağı planlaşdırırsınızmı?

MKR sistemi Mərkəzi Bankın bir hissəsidir və MKR haqda məlumatlar bankın ümumi saytında (linki www.cbar.az/accr) yerləşdirilmişdir. Bununla yanaşı MKR-in göstəricilərini əks etdirən statistika hər üç aydan bir səhifədə yenilənir.

MKR-ə qoşulmayan və ya ora aylıq informasiya göndərməyən banklar hansılardır?

Normativ aktlar bütün bankların MKR-ə qoşulmasını və məlumat göndərməsini tələb edir və burada hər hansı bir bank üçün istisna mövcud deyildir. Sadəcə məlumatlardan istifadədə sərbəstlik vardır. Başqa sözlə desək bankların bütün kredit məlumatlarını MKR-ə təqdim etməsi icbari, lakin ondan istifadəsi könüllüdür. Banklar buna ciddi əməl edirlər.

MKR-ə məlumatın verilməsi zamanı hansısa məlumatların gizlədilməsi—bütün borcalanlar haqqında məlumatın verilməməsi halı mümkündürmü?

Yanlış olaraq belə bir təəssürat vardır ki, bu məlumatların gizlədilməsi kreditorların  xeyirinədir. Hətta bəzən “biz bütün məlumatlarımızı göndəririk digərləri yox” kimi ifadələrə də rast gəlmək olur.

Əslində praktika bunun əksini göstərir. Çünki gizlədilmiş kredit məlumatı həmin borcalanın paralel borclanması riskini və bu da təbii olaraq həmin kredit öhdəliyinin icrası risklərini yüksəldir. Bununla yanaşı bu prosesə tərəfimizdən nəzarət həyata keçirilir, digər hesabatlarla tutuşdurulur və bank inspeksiyaları zamanı da bu məlumatlar yerində yoxlamalar prosesinin predmetidir.

Lakin banklar tərəfindən təqdim edilmiş məlumatların MKR-də emalı prosesində texniki səhvlərin aşkarlanması və ya məlumatın natamam olması səbəbindən yenidən işlənmək üçün geri qaytarılması halları olur. Bu say etibarilə təqribən 1-2% arasında dəyişir. Banklar həmin səhvləri araşdıraraq aradan qaldırır və yenidən MKR-ə yükləyirlər.

Sizcə MKR bazasında olan məlumatlar Azərbaycanda kredit götürmüş borcalanların neçə faizni əhatə edir?

Emprik hesablamalar göstərir ki, borcalanların əksəriyyəti banklarda və BOKT-lərdə cəmləşmişdir. Bu isə o deməkdir ki, BOKT-lərin də tam olaraq MKR-ə qoşulmasından sonra borcalanların mütləq əksəriyyəti haqqında MKR-də məlumat mövcud olacaqdır.

MKR bazasında olan məlumatlar əsasında hansı təhlillər aparılır?

MKR-in əsas məqsədi bank-maliyyə sisteminin stabilliyinin təmin olunmasında iştirak və kredit risklərinin minimuma endirilməsi məqsədilə banklara kömək etməkdir.
Təhlillər məqsədilə isə Mərkəzi Bankda kifayət qədər statistik və prudensial məlumatlar toplanılır və bu mənbələr əsasında təhlillər aparılır. MKR-dən isə ümumiləşdirilmiş bir neçə hesabatlar əldə olunur. Tələbatı nəzərə alaraq isə MKR-də daim təkmilləşdirmə işləri aparılır.

MKR bazasında olan müştərilərin paralel borclanması hansı səviyyədədir?(Bir müştəriyə orta hesabla neçə kredit düşür?)

Əgər bir borcalanın eyni bankda bir və ya bir neçə kredit öhdəliyi mövcuddursa bunu paralel borclanma kimi qiymətləndirmək düzgün olmazıdı. Amma ümumiyyətlə götürsək MKR-də bir borcalana 1.3 aktiv kredit məlumatı düşür.

Hal-hazırda MKR-dən sorğu edilməsi üçün qiymət 1 sorğu-2 manatdır. Bu isə istifadəçilərin əksəriyyətini kiçik həcmli kreditlər üçün sorğu verilməməsinə səbəb olur. MKR istifadəçilərin motivləşdirilməsi üçün qiymət siyasətində hansısa dəyişiklik etməyi düşünürmü?

(Məsələn elə sistem tətbiq etmək olar ki, MKR-in gəliri azalmasın və istifadəçilər bütün borcalanlar üçün sorğu etsinlər. Bu özlüyündə bazarda riskləri aşağı salmağa xidmət edər)

Düşünürəm ki, MKR-də qiymət analoji sistemlərlə müqayisədə heç də baha deyildir. Ümumiyyətlə isə biznes subyekti olmadığımızdan son məqsədimiz də zatən gəlir qazanmaq deyildir. Əsas hədəfimiz bütün kredit qərarlarının obyektiv məlumatlar əsasında qəbul edilməsi, bank sektorunun sabitliyi və inkişafının stimullaşdırılmasıdır. Yalnız bu mənada istifadənin stimullaşdırılmasının tərəfdarıyam. Bu məqsədlə növbəti il ərzində bu istiqamətdə müəyyən addımlar atılacağı planlaşdırılır. İlk növbədə hazırlanan kredit hesabatının çeşidinin artırılması hesab edirəm ki, faydalı olardı.

MKR sorğu modullarında hansısa dəyişiklik etməyi planlaşdırırmı?

Bəli, sorğu modulları üzərində texniki təkmilləşdirmələr aparılmış və sadələşdirilmişdir. Hazırda sınaq istismarında müvafiq yoxlamalar aparılır. Yaxın günlərdə MKR-i tənzimləyən Qaydalara əlavə və dəyişikliklər layihəsinin qüvvəyə minməsi gözlənilir və bununla da həm sorğu, həm də nəzərdə tutulan digər təkmilləşdirmələr istismara veriləcəkdir.

Bununla yanaşı yeni dəyişikliklərdən sonra MKR-də aparılacaq bütün sorğular yalnız barəsində sorğu olunan şəxsin yazılı razılığı ilə həyata keçiriləcəkdir. Qaydalarda MKR-də sorğu etmək səlahiyyəti olan hər bir istifadəçinin məlumatların yayılmaması haqqında yazılı iltizam verməsi tələbi öz əksini tapacaqdır.

MKR sorqu edənlərin dinamikası hansı sürətlə artır və ən çox soğu göndərən hansı banklardır?

Statistikadan da göründüyü kimi MKR-in əhəmiyyəti ildən ilə artmaqdadır və məmnuniyyətlə bildiririk ki, banklar tərəfindən aparılan sorğuların sayı 2010-cu ildə təqribən 3.5 dəfə artmışdır. Ən çox sorğu həyata keçirən banklar isə əsasən istehlak bazarında fəaliyyət göstərən banklardır. Bu da say etibarilə həmin banklar tərəfindən daha çox müraciətin qiymətləndirməsi ilə əlaqədardır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər