®“MKT İstehsalat Kommersiya” MMC ənənəsinə sadiq qalaraq, Qurban bayramı münasibətilə Mərkəzi Qan Bankı ilə birgə “Qan ver, həyat xilas et” şüarı altında könüllü qanvermə aksiyası təşkil edib. Bu təşəbbüs donor qanına ehtiyacı olan talassemiyalı uşaqlara yardım məqsədi daşıyan Korporativ Sosial Məsuliyyət layihəsinin bir hissəsidir.
Artıq bir neçə ildir ki, “MKT İstehsalat Kommersiya” MMC-nin əməkdaşları və rəhbərləri, o cümlədən filiallarında fəaliyyət göstərən əməkdaşları qana ehtiyacı olan şəxslərə dəstək məqsədilə bu qanvermə aksiyalarında fəal iştirak edirlər. Bu kampaniyanın əsas məqsədi Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqların sağlamlığına və rifahına töhfə verməkdir.
Hazırkı belə bir tədbir 14 iyun 2024-ci il tarixində “MKT İstehsalat Kommersiya” MMC-nin Biləsuvar filialında baş tutmuşdur. Könüllülük əsasında keçirilən aksiyada “MKT İK” MMC-nin əməkdaşları və bəzi fermerlər iştirak etmişdır.
Tədbir, Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın tam nəzarəti altında və könüllü donorlar üçün yaradılmış müvafiq şəraitdə icra edilib. Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər. Götürülən qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçirildikdən sonra Mərkəzi Qan Bankında toplanacaqdır.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. https://www.mktcotton.com/