Namizədlərə məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən qurumun Apellyasiya Şurasına şikayət imkanı veriləcək.
Bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” 2024-cü il 7 noyabr tarixli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik layihəsində öz əksini tapıb.
Qeyd edilib ki, müvafiq dəyişikliklərdən irəli gələrək Əmək Məcəlləsində işçinin iş yeri və orta əmək haqqının saxlanıldığı hallar sırasından hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərilməsi müddəasının çıxarılması təklif edilir.
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunda Ədliyyə orqanlarına qulluğa qəbulun şərtləri və qaydalarını və Ədliyyə orqanlarında stajorluq və sınaq keçməni tənzimləyən maddələrindən hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslərin, ədliyyə orqanlarına inzibati vəzifəyə qulluğa müsabiqəsiz qəbul edilməsi, həmçninin stajorluq və sınaq müddətinin müəyyən edilməməsi müddəalarının çıxarılması təklif edilir.
Bundan başqa, həmin qanun layihəsində “Dövlət qulluğu haqqında” qanununda məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasına şikayət vermək imkanı nəzərdə tutulub.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.