10 C
Baku
Friday, December 13, 2024

MM komitə üzvü: “Kənd təsərrüfatının hər il 4% artacağı hədəflənir”

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tətbiqi aqrar sektorun inkişafında mühüm rol oynayacaq. Banker.az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov strategiyadan irəli gələn məsələlərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.

Komitə üzvü bildirib ki, Azərbaycan qlobal böhrandan ən az təsirlənən ölkələrdən birinə çevrilib. Postpandemiya və postmünaqişə dövründə keyfiyyətcə yeni və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu da gələcək çağırışlara hazır olmaq üçün yeni hədəflərin müəyyənləşdirilməsini aktuallaşdırıb. Məhz bu məqsədlə “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qəbul olunub, bu prioritetlərə söykənən “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanıb və Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilib.

O qeyd edib ki, strategiyanın uğurlu icrası sayəsində kənd təsərrüfatının hər il 4% artacağı hədəflənir. Təbii ki, bu da aqrar istehsalın və emalın iqtisadi göstəricilərdəki payını artıracaq, nəticədə bu gün üçün ən aktual mövzu olan ərzaq təhlükəsizliyi ilə bağlı qlobal çağırışlara hazır olmağımıza imkan yaradacaq. Həmçinin, strategiyada ərzaq istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyinin artırılması nəzərdə tutulur.

“Ölkə üzrə ərzaq təminatı xəritəsinin hazırlanmasının əsas hədəfi nədən ibarətdir?” sualına isə Azər Badamovun cavabı belə olub: “Strategiyada aqrar sahə üzrə nəzərdə tutulmuş istiqamətlərdən biri də ölkə üzrə ərzaq təminatı xəritəsinin hazırlanmasıdır. Bu, sahibkarların ölkədə mövcud ərzaq tələbatı haqqında məlumatları vaxtında əldə etməsinə və istehsal proseslərini mövcud tələbə uyğun formalaşdırmasına imkan verəcək. Ərzaq təhlükəsizliyinin də təmin olunmasında ərzaq təminatı xəritəsinin əhəmiyyətli rolu olacaq. Belə ki, 2022‒2026-cı illərdə idxal və yerli istehsala əsaslanan ərzaq zənciri üzrə təchizat xəritəsinin tətbiqi proqnozların və hədəflərin daha düzgün müəyyənləşdirilməsinə yol açacaq”.

Aqrar sahədə idxaldan asılılıqla bağlı MM Komitə üzvü bildirib ki, əsas istehlak səbətinə daxil edilən ərzaq mallarına olan tələbatımız əsasən yerli istehsal hesabına ödənilir, lakin bununla yanaşı, idxaldan asılılığımız da akyual olaraq qalmaqdadır. Strategiyada yerli emal sənayesinin inkişafının genişləndirilməsi və yerli istehsalın tərkibində olan komponentlərin idxalına vergi və gömrük güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur. Sahibkarlığa dəstək məqsədilə qəbul edilmiş dövlət proqramlarının icrası və emal sənayesinin dirçəldilməsi yaxın illərdə idxaldan asılılığımızı kifayət qədər azaldacaq. Strategiyada nəzərdə tutulmuş hədəflərin icrası mövcud resurslardan daha səmərəli istifadə edilməsinə yol açacaq və ərzaq malları ilə özünütəminetmə faizi yüksələcək.

 

 

Son xəbərlər
Digər xəbərlər