8 C
Baku
Tuesday, March 5, 2024

MN: Rusiya tərəfinə verilən məlumatlar nədənsə sülhməramlı kontingentin rəsmi açıqlamalarında öz əksini tapmır

Rusiya Federasiyasının sülhməramlı kontingentinin 24 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya atəşkəsin pozulmasının qeydə alındığı bildirilir.

Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi mətbuata açıqlama verib.

Açıqlamada deyilir: “Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların “Maqavuz” adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı ÇARDAQLIDIR. Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə heç bir atəş açmayıb.

Eyni zamanda onu da bəyan edirik ki, son zamanlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə verilən məlumatlar nədənsə Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini tapmır.

Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş Ermənistan istehsalı olan PMN-Э markalı piyada əleyhinə mina sahəsinə noyabrın 23-də baxış keçiriblər.

Baxış zamanı bildirilib ki, ərazidən təkcə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э markalı piyada əleyhinə mina bölmələrimiz tərəfindən aşkar edilərək zərərsizləşdirilib. Təəssüflər olsun ki, bu barədə də Rusiya sülhməramlı kontingenti tərəfindən rəsmi məlumat verilməyib”.

Açıqlamanın sonunda nazirlik Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırıb.

 

Son xəbərlər
Digər xəbərlər