Bundan sonra Azərbaycanda başqa adamın adına olan mobil nömrəni istifadə etmək mümkün olmayacaq.
Nazirlər Kabinetinin qərarı ilə üç ay ərzində qüvvəyə minəcək yeni qaydalara əsasən, abunəçi öz adına olan sim-kartı başqa şəxsə istifadə etmək üçün verə bilməz. Bu qəti qadağandır.
Həmçinin vətəndaş öz sim-kartını və telefon aparatını itiribsə, mütləq polisə xəbər verməlidir. Telefon və ya nömrəni alarkən vətəndaşın imzaladığı müqavilədə bu hal mütləq qeyd olunmalıdır. Bundan sonra heç kəs müqaviləsiz nömrə və ya telefon ala bilməyəcək. Hətta bu müqaviləyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə olunması məcburidir.
Rəsmi distribütor olan dükanlar bu qaydalara indidən əməl etdiklərini deyirlər. Kiçik satış mərkəzlərində isə əksər hallarda nömrələr başqa adlara rəsmiləşdirilir. Satış meneceri Natiq Novruzovun sözlərinə görə, bu qaydaların sərtləşdirilməsi ilk növbədə vətəndaşların mənafeyi və onların təhlükəsizliyi üçündür: “Çünki vətəndaş öz telefon nömrəsini başqasına verərsə, sonradan nömrəni işlədən şəxsin hansısa cinayət əməlinə görə sim-kartın əsl sahibi də istintaqa cəlb olunur”.
Əgər nömrə və telefon itirilərsə, dərhal polisə məlumat vermək tələbi də məhz abunəçinin öz xeyrinədir. Digər tərəfdən, bu qaydalar bahalı nömrə alverçilərinin “fəaliyyətini” məhdudlaşdıracaq. Çünki bəzi işbazlar yaxşı səslənən nömrələri alaraq sonradan hətta fantastik qiymətə başqalarına satırlar. İndi isə bu ticarət mümkün olmayacaq.
Lent.az