Qlobal mobil oyunlar və tətbiqlər bazarı Asiya ölkələrində sənayenin inkişafı fonunda 2030-cu ilə qədər 750 milyard dollara yüksələcək. Bu barədə “Nikkei Asia” portalı ABŞ-nin texnologiya şirkəti “Google”un proqnozlarına istinadən məlumat verib.
Şirkət nümayəndələri bildiriblər ki, 2025-ci ilin əvvəlindən etibarən Asiyanın inkişaf etməkdə olan ölkələrində tətbiqdaxili alışların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5% artıb, ABŞ və digər inkişaf etmiş iqtisadiyyatlı ölkələrdə isə bu göstərici 3% azalıb.
“Google” Asiyada ən sürətlə böyüyən tətbiq bazarı kimi Vyetnamı göstərib. Burada il başlayandan istifadəçilər tətbiqdaxili alışlara ötən ilin eyni dövrü ilə müqayisədə 65% daha çox pul xərcləyiblər. 2024-cü il ərzində vyetnamlı tərtibatçıların tətbiqləri dünyada təxminən 6 milyard dəfə yüklənib.
Nəşrdə qeyd olunur ki, “Google” bu məlumatları 11–12 noyabr tarixlərində Ho Şi Min şəhərində keçirilən “Google Apps Summit” konfransında təqdim edib. Vyetnam bu tədbiri ilk dəfə qəbul edib. Konfransda Çin, Hindistan, Cənubi Koreya, Avstraliya və digər ölkələrdən 700-dən çox tərtibatçı və ekspert iştirak edib. Tədbirin əsas mövzuları tətbiqlərin hazırlanmasında yeni tendensiyalar, gəlirliliyin artırılması strategiyaları və proqram təminatının yaradılmasında neyron şəbəkələrin tətbiqi olub.








