9 C
Baku
Tuesday, December 16, 2025

“Möhtəşəm Yeddilik”siz rallı: bazar rotasiyaya hazırlaşır?

Yeni ilin yaxınlaşması ilə Uoll-stritdə bir fikir getdikcə daha aydın səslənir: cari “ayı bazarı”nı irəli aparan texnoloji nəhənglər artıq onun yeganə lokomotivi olmaqdan çıxır. Bloomberg yazır ki, Bank of America və Morgan Stanley strateqləri 2026-cı ildə müştərilərə diqqəti Nvidia və Amazon-un başçılıq etdiyi “Möhtəşəm Yeddilik”dən kənara yönəltməyi tövsiyə edirlər. Tövsiyə olunan istiqamətlər daha az populyar sahələrdir — səhiyyə, sənaye, energetika, eləcə də kiçik və orta kapitallaşmalı şirkətlər.

Bu niyə vacibdir?

Son illərdə iri texnologiya şirkətlərinə yatırım açıq seçim idi: güclü balanslar və yüksək gəlirlilik onları investorların sevimlisinə çevirmişdi. Lakin indi şübhələr artır: Bloomberg qeyd edir ki, “ayı bazarı”nın başlanğıcından bəri təxminən 300% bahalaşmış bu şirkətlər qrupu yüksək bazar dəyərlərini və süni intellekt infrastrukturu üçün nəhəng investisiyaları uzun müddət əsaslandıra biləcəkmi? Oracle və Broadcom kimi bumdan faydalanan şirkətlərin Wall Street-i məyus edən maliyyə hesabatları bu narahatlıqları daha da gücləndirib.

Eyni zamanda, 2026-cı il üçün ABŞ iqtisadiyyatına dair optimizm artır. Bu isə investorları S&P 500 daxilində dövri və geridə qalmış sektorlar arasında rotasiyaya sövq edir. 20 noyabrdan — ABŞ səhmlərinin lokal minimumuna çatdığı tarixdən — bəri kiçik kapitallaşmalı şirkətləri əhatə edən Russell 2000 indeksi 11% yüksəlib. Halbuki “Möhtəşəm Yeddilik”in səhmlərini birləşdirən Bloomberg indeksi bu artımın təxminən yarısını göstərib. Eyni dövrdə bərabər çəkili S&P 500 indeksi kapitallaşmaya görə çəkilən klassik S&P 500 indeksini gəlirlilik baxımından qabaqlayıb.

 Wall Street nə deyir?

Strateqlərin fikrincə, investorlar getdikcə iri texnologiya şirkətlərindən çıxaraq kapitalı bazarın digər hissələrinə — xüsusilə iqtisadi dövrlərə daha həssas sahələrə yönəldirlər.

“Biz hesab edirik ki, iri texnoloji şirkətlər hələ də dayanıqlı nəticələr göstərəcək, lakin yeni artım sahələrindən — ilk növbədə istehlak malları sektorundan, eləcə də kiçik və orta kapitallaşmalı şirkətlərdən geri qalacaqlar”, — deyə Morgan Stanley-nin ABŞ səhm bazarı üzrə baş strateqi və bankın investisiya direktoru Maykl Uilson bildirib. O, daha əvvəl aprel ayındakı satışlardan sonra bazarın bərpa trayektoriyasını dəqiq proqnozlaşdırmışdı.

Goldman Sachs da oxşar mövqedədir. Bankın proqnozuna görə, “Möhtəşəm Yeddilik”dən kənar qalan S&P 493 şirkətlərinin mənfəət artımı 2026-cı ildə 9%-ə qədər sürətlənəcək (bu il 7% idi). Eyni zamanda, ən iri oyunçuların indeksin ümumi mənfəətinə töhfəsi 50%-dən 46%-ə enəcək.

Son xəbərlər
Digər xəbərlər