7 C
Baku
Friday, February 20, 2026

Moldova Azərbaycanı LNG tədarükü üzrə potensial tərəfdaş kimi nəzərdən keçirir

Azərbaycan mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü və Avropanın digər qaz mənbələri ilə yanaşı, Moldovanın daha geniş şaxələndirmə siyasəti çərçivəsində potensial tərəfdaş kimi nəzərdən keçirilir.

Bunu Moldovanın energetika naziri Dorin Junqietu bildirib.

Onun sözlərinə görə, uzunmüddətli əməkdaşlıq perspektivləri, ilk növbədə, resursun kommersiya rəqabət qabiliyyəti, optimallaşdırılmış nəql tarifləri və mövcud marşrutlardan səmərəli istifadə əsasında müəyyən ediləcək.

“Nazirlik enerji təhlükəsizliyi strategiyasını və normativ çərçivələrini formalaşdırır, satınalmalar haqqında qiymət və kommersiya qərarları isə lisenziyaya malik bazar iştirakçıları tərəfindən mövcud bazar qaydalarına uyğun olaraq qəbul edilir”, – D.Junqietu qeyd edib.

Nazir bildirib ki, Moldova ilə Azərbaycan arasında enerji əməkdaşlığı artıq qaz tədarükü çərçivəsindən kənara çıxır: “Dialoq neft məhsullarını, saxlama infrastrukturunun inkişafını, bərpa olunan enerji mənbələrini, eləcə də texniki ekspertiza mübadiləsini əhatə edir”.

D.Junqietu vurğulayıb ki, Moldovada təbii qaz alışı yalnız kommersiya və bazar prinsipləri əsasında həyata keçirilir.

“Energocom” dövlət treyderi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə konstruktiv kommersiya dialoqu aparır və bazar şərtlərindən asılı olaraq spot və qısamüddətli əməliyyatların həyata keçirilməsinə imkan verən çərçivə sazişi bağlayıb. Milli şirkətin məlumatına görə, indiki mərhələdə uzunmüddətli tədarük müqaviləsi bağlanmayıb. Regional dəhlizlər boyunca logistika və nəqliyyat xərcləri son qiymətə əhəmiyyətli dərəcədə təsir göstərən əsas məhdudlaşdırıcı amil olaraq qalır”, – nazir əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər