Qaz təchizatı mənbələrinin şaxələndirilməsi strategiyası çərçivəsində Moldova Azərbaycan şirkətlərini potensial təchizatçılar kimi cəlb etməkdə maraqlıdır.
Bu barədə Moldovanın energetika naziri Dorin Jungiyetu məlumat verib.
“Dövlət şirkəti “Energocom”un qarşıdan gələn payız-qış mövsümü üçün korporativ səviyyədə təsdiqlənmiş qaz alışı strategiyası var. Onun əsas prinsipi mənbələrin şaxələndirilməsidir. Biz təchizatçılar arasında Azərbaycan şirkətlərini görməyə şad olardıq. Ancaq tövsiyəmiz “Energocom” tərəfindən təşkil edilən tender prosedurlarını diqqətlə izləmək və ya ərizələr təqdim etmək, yaxud birbaşa danışıqlara başlamaqdır”, – nazir qeyd edib.
Rusiyanın “Qazprom” şirkətinin törəmə strukturu olan “Moldovaqaz” şirkəti ətrafındakı vəziyyəti şərh edən D.Jungiyetu xatırladıb ki, 2022-ci ildən etibarən şirkət əsasən qazı “Energocom”dan alıb. Bu, “Qazprom”un Moldovaya təchizat həcmini birtərəfli qaydada azaltmasından sonra baş verib.
“Moldovaqaz”ın səhmlərinin 50 %-i beynəlxalq sanksiyalar altında olan “Qazprom”a məxsus olduğundan, şirkət beynəlxalq bazarlarda qaz almaq imkanına malik olmayıb. Bundan əlavə, əsas səhmdar Moldova qanunvericiliyinə riayət olunmasını eləcə də, tədarük və paylama fəaliyyətini müəyyən edilmiş müddətdə təmin etməyib. Bununla əlaqədar olaraq, “Moldovaqaz” qaz təchizatı lisenziyasından məhrum edilir, lakin paylama sahəsində fəaliyyətini davam etdirəcək”, – nazir izah edib.
Qeyd edək ki, Enerji Tənzimləmə üzrə Milli Agentliyin (ANRE) Direktorlar Şurası bu gün “Moldovaqaz”ın təbii qaz təchizatı lisenziyasının ləğvi barədə qərar qəbul edib. Sentyabrın 1-dən etibarən təchizatçı funksiyaları rəsmi olaraq dövlət şirkəti “Energocom”a keçəcək.
ANRE bu tarixə qədər Dnestryanı bölgə üçün təbii qaz təchizatçısının müəyyən ediləcəyini bildirib.