Moldova hökuməti Müstəqil Dövlətlər Birliyinin (MDB) üç əsas sənədinin — təsis sazişinin, ona əlavənin və təşkilatın nizamnaməsinin denonsasiyasını təsdiqləyib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, qərar Rusiya Federasiyasının Birliyin əsas dəyərlərinə və prinsiplərinə əməl etməməsi fonunda qəbul edilib. Bu prinsiplərə dövlətlərin bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıması və hörmət etməsi daxildir.
Həmçinin bildirilir ki, qərar Moldovanın Avropa İttifaqına namizəd ölkə kimi yeni strateji prioritetlərini əks etdirir. Hökumətin məlumatına görə, MDB-dən çıxış dövlət büdcəsinə hər il təxminən 3,1 milyon ley qənaət etməyə imkan verəcək.
Moldova 2022-ci ildən etibarən MDB-nin iclaslarını boykot edir. 19 yanvar 2025-ci ildə ölkənin Xarici İşlər Nazirliyi Moldovanın təşkilatdan tam çıxması üçün zəruri olan üç əsas MDB sazişinin denonsasiyası proseduruna başlayıb. Martın 4-də isə bu qərarı Moldova parlamentinin xarici siyasət komissiyası təsdiqləyib.
MDB çərçivəsində Moldova təxminən 283 saziş imzalayıb. Onlardan 71-i artıq denonsasiya edilib, daha 60-ı isə denonsasiya prosesindədir. Moldova hakimiyyəti bildirir ki, MDB-dən çıxış ölkəyə iqtisadi fayda gətirən sazişlərə təsir etməyəcək. Bu müqavilələr Avropa inteqrasiyasına zidd olmadığı halda qüvvədə qalacaq.






