Moldova hakimiyyəti MDB ilə əlaqələri kəsməyi planlaşdırmır, çünki söhbət yüzlərlə, o cümlədən ikitərəfli sazişlərdən gedir.
Bunu bazar günü Moldova Prezidenti Maya Sandu Rumıniyanın Kluj-Napoka şəhərində Ukrayna ilə bağlı konfransda çıxışı zamanı deyib.
“Söhbət bir razılaşmadan yox, yüzlərlə sazişdən gedir, bir çoxu Qazaxıstan, Qırğızıstan kimi digər dövlətlərlə münasibətlərə aiddir. Bunlar iqtisadi sahədə sazişlərdir. Digər ölkələrlə ikitərəfli iqtisadi əlaqələrdir. Biz praqmatik olmalıyıq və buna məntiqlə yanaşmalıyıq”, – deyə Sandu bəyan edib.
Qeyd edək ki, M.Sandu bundan əvvəl dəfələrlə vurğulayıb ki, ölkə Aİ-yə üzv olmaq üçün namizəd statusu aldıqdan sonra da hakimiyyət MDB çərçivəsində əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Eyni zamanda, Moldova rəhbəri hələ MDB çərçivəsində keçirilən görüşlərdə iştirak etməyib.