Moldova parlamenti enerji böhranı səbəbindən ötən ilin sonundan qüvvədə olan fövqəladə vəziyyətin müddətini daha 60 gün uzadıb.
Belə bir qərar qanunverici orqanın mətbuat xidmətinin yayımladığı iclasda qəbul edilib.
Qərara əsasən, fövqəladə vəziyyət rejimi 2022-ci il dekabrın 6-dan 60 gün müddətinə uzadılacaq.
Parlamentin spikeri İqor Qrosu bildirib ki, bu, Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyasının 55 səsi ilə təsdiqlənib. Səsvermə zamanı müxalifət etiraz əlaməti olaraq toplantını boykot edib.
Baş nazir Natalya Qavrilitsa fövqəladə tədbirlərə ehtiyacı bölgədəki qeyri-sabitliklə izah edib.
“Ukraynada mülki infrastrukturun bombalanması Moldovanın enerji sistemində kütləvi fasilələrə səbəb olub, vətəndaşlarımızın təhlükəsizliyini təhlükə altına alıb. Bu vəziyyətin qışda da təkrarlanacağına dair əsaslı proqnozlar var. Fövqəladə vəziyyət olmadan, biz enerji şirkətlərinə qazın fasiləsiz tədarükü üçün, eləcə də yanacaq ehtiyatlarının formalaşdırılması üçün maliyyə yardımı göstərə bilməzdik”, – baş nazir bildirib.
Qeyd edək ki, ölkə ötən ilin oktyabrından bu rejimdə yaşayır. Əvvəlcə bu, “Qazprom”la danışıqlar fonunda və ölkəyə qaz nəqlinin kəsilməsi təhlükəsi fonunda tətbiq edilib, daha sonra səbəb kimi Ukraynadakı vəziyyət göstərilib.