Məlumat üçün bildiririk ki, “Monella” MMC-nin müvəqqəti istismarında olan 163 nömrəli müntəzəm marşrut xəttinin (“Koroğlu” NMM-Yeni Ramana yaşayış sahəsi) fəaliyyəti nəzarətə götürülüb.
Banker.az bu barədə BNA-ya istinadən xəbər verir.
Keçirilən monitorinqlər nəticəsində “Monella” MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb. İstehsalat bazası yararlı olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır. Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Daşıyıcıya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq fəaliyyətində müsbətə doğru heç bir dəyişiklik qeydə alınmayıb.
163 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib. 16.03.2023-cü il tarixindən bu xətt üzrə daşımalar “BakuBus” MMC istismarında olan ortatutumlu avtobuslarla həyata keçiriləcək. Mövcud dəyişiklik Yeni Ramana yaşayış sahəsi, o cümlədən bu ərazidə şəhid ailələri və müharibə əlillərinin məskunlaşdığı yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyata əlçatanlığının daha da yaxşılaşmasına imkan verəcək.