“Monetri” Bank Olmayan Kredit Təşkilatı MMC (əvvəlki PSG Finans BOKT) hər biri 0,1 min manat (100 manat) nominal dəyərində 30 min ədəd istiqraz buraxaraq 3 milyon manat cəlb etməyi planlaşdırır. Birillik istiqrazlar illik 13% kupon gəlirli, təmin edilməmiş, sənədsiz və adlıdır, faizlər rüblük ödəniləcək. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında hərrac vasitəsilə yerləşdiriləcək.
Banker.az xəbər verir ki, emissiyadan əldə ediləcək vəsait “Monetri” BOKT-un kredit portfelinin artırılmasına yönəldiləcək.
“Monetri” BOKT əsasən təminatlı kreditləşmə sahəsində fəaliyyət göstərir. Şirkətin əsas məhsulları lizinq, qızıl və daşınmaz əmlak girovu ilə kreditlər, eləcə də istehlak məhsullarının kreditləşdirilməsidir. BOKT-un fəaliyyət istiqamətlərinə həmçinin faktorinq və forfeytinq, zəmanətlərin verilməsi, sığorta agenti xidməti və maliyyə məsləhətləri daxildir.
“Monetri” BOKT-un nizamnamə kapitalı 10 milyon manatdır və hər birinin nominal dəyəri 10 min manat olan 1 000 paydan ibarətdir. BƏƏ-də qeydiyyatdan keçmiş “Practical Solutions Middle East FZ LLC” 83% və ya 8,3 milyon manatlıq paya, “Çaparxana Kəndli Fermer Təsərrüfatı” MMC və Faiq Ağababa oğlu Məmmədov isə hər biri 8,5% və ya 850 min manatlıq paya sahibdir.
30 iyun 2026-cı il tarixinə “Monetri” BOKT-un aktivləri 38,9 milyon manat olub ki, bu da 2025-ci ilin sonundakı göstəricidən 10,4% çoxdur. Xalis kredit portfeli 3,9% artaraq 30,2 milyon manata, kapital 21% artaraq 29,4 milyon manata çatıb, öhdəliklər isə 13,3% azalaraq 9,4 milyon manat olub. BOKT 2026-cı ilin ilk yarısını 1,6 milyon manat xalis mənfəətlə başa vurub. 2025-ci ildə şirkətin gəlirləri 55,6% artaraq 11,8 milyon manat, xalis mənfəəti isə 35,1% artaraq 5,4 milyon manat olmuşdu.







