Monteneqro hakimiyyəti Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edib.
Qərar qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə qəbul olunub. Xəbəri “European Western Balkans” saytı yayıb.
Monteneqro hökumətinin açıqlamasında bildirilir ki, Türkiyə vətəndaşları üçün icazə verilən qalma müddəti 90 gündən 30 günədək azaldılıb. Eyni zamanda vurğulanır ki, təhlükəsizlik riskləri qiymətləndirildikdən sonra zərurət yaranarsa, viza rejimi yenidən bərpa oluna bilər.
Hökumət nümayəndələri bildiriblər ki, viza və miqrasiya qaydalarının sərtləşdirilməsi qeyri-qanuni miqrasiya ilə mübarizə və ölkəyə giriş-çıxışa nəzarətin artırılması məqsədi daşıyır.
Qeyd olunub ki, bu addım Monteneqronun viza siyasətinin Avropa İttifaqı ilə uyğunlaşdırılması çərçivəsində həyata keçirilən daha geniş tədbirlər paketinin tərkib hissəsidir. Bu çərçivədə üçüncü ölkələrlə, o cümlədən Azərbaycanla bağlı viza qaydalarının uyğunlaşdırılmasının 15 yanvar tarixinədək başa çatdırılması planlaşdırılır.
Xatırladaq ki, Monteneqro hakimiyyəti oktyabrın 27-də Podqoritsada gecə klubunda baş verən insidentdən sonra Türkiyə vətəndaşları üçün vizasız rejimi müvəqqəti dayandırmışdı. Həmin hadisə zamanı 45 nəfər saxlanılmış, daha sonra Türkiyə vətəndaşı ilə yanaşı bir Azərbaycan vətəndaşı da bir neçə nəfərin xəsarət alması ilə nəticələnən əməllərdə ittiham olunaraq həbs edilmişdi.







