5 C
Baku
Monday, December 23, 2024

Monteneqrodakı Azərbaycan bankı amerikanlara satıldı

Balkan ölkəsi – Monteneqroda fəaliyyət göstərən Azərbaycana məxsus “Nova Banka Podgorica” SC-nin (əvvəllər “Azmont Bank”) sahibi dəyişib.

Kumbor şəhərində yerləşən “Azmont İnvestments LLC” şirkəti bankı tam həcmdə ABŞ-ın Uilminqton şəhərində yerləşən “Adriatic Capital LLC” şirkətinə satıb. Bunu Report agentliyi deyir.

299 511 761 ədəd səhmin satışı Monteneqro Fond Birjasında həyata keçirilib.

Alqı-satqı predmeti olan bankın 2019-cu il üzrə maliyyə göstəriciləri məlum olmasa da, 2018-ci ildə 4,6 milyon avro zərərlə işlədiyi məlumdur. Auditor rəyinə görə, 2019-cu ilin əvvəlinə kredit təşkilatının nizamnamə kapitalı 12 milyon avroya yaxın olub. Başa çatmış il ərzində bankın aktivləri 14,6% artaraq 25,9 milyon avroya çatıb. Həmçinin bankın kredit zərfi də il ərzində 18,5% artaraq 12,8 milyon avroya çatıb. Bunun 10,3 milyonu korporativ sektora ayrılıb, qalan məbləğ də istehlak kreditlərinin payına düşür. 

“Nova Banca Podgorica” 2012-ci ildə sahilyanı Kumbor şəhərində “Portonovi” turizm kompleksi tikmək məqsədilə “Azmont İnvestments” və “Azerbaijan Global İnvestments” şirkətləri təsis edib. Bu təsisatın başqa bir səbəbi kimi “Şahdəniz-2” layihəsi çərçivəsində Avropaya təbii qaz ixracını nəzərdə tutan Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin reallaşdırılması göstərilir. Bu layihə çərçivəsində Azərbaycan və Monteneqro hökumətləri arasında anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, “Azmont İnvestments”in ana şirkəti olan “Azerbaijan Global İnvestments” LLC-nin səhmdarları “Pasha Development”, “Ata Holding”, “Synergy Group” şirkətləridir.

Bankın hazırda Müşahidə Şurasına Ahmet Erntok adlı Türkiyə vətəndaşı sədrilik etsə də, üzvlərin 3-ü (Rəşad Əliyev, Rəşad Rəsullu və Qorxmaz Ağayev) və eləcə də İdarə Heyətinə Azərbaycan vətəndaşı olan Kamran Məmmədov (əvvəl Ata Bank-da çalışıb) sədrirlik edir.

Son xəbərlər
Digər xəbərlər