Moody’s beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan “Azərbaycan Beynəlxalq Bankı-Moskva”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini “В3” səviyyəsindən “В2” səviyyəsinə qədər artırıb. Bankın kredit qabiliyyətinin qiymətləndirilməsi (BCA) b3-dən b2 pilləsinə yüksəlib. Eyni zamanda, uzunmüddətli risk qabiliyyəti də indi B-2 deyil, daha yüksək B-1 səviyyəsində dəyərləndirilib. Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz stabil qiymətləndirilib.
Bu barədə Trend-ə bankdan məlumat verilib.
Bu reytinq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində Azərbaycan hökumətinin Banka dəstəyindən sonra “ABB-Moskva”nın getdikcə güclənən mövqeyi ilə bağlı Moody’s-in rəyini əks etdirir. 2016-cı ilin ikinci rübündə “ABB-Moskva”nın nizamnamə kapitalının 2 milyard rubla qədər artırıldığı, beləliklə, bankın kapitalının 70% genişləndiyi qeyd edilir. Agentliyin rəyinə əsasən, 01 sentyabr 2016-cı il tarixə “Bazel III” normativləri üzrə “ABB-Moskva”nın məcmu kapitalının adekvatlığı (Н1.0) və 1-ci dərəcəli kapitalın nisbəti (Н1.2) 22,4% və müvafiq olaraq 8,3% artıb ki, bu da Rusiya Federasiyası Mərkəzi Bankının tələblərindən yüksəkdir.
Moody’s eskpertləri ümid edir ki, Azərbaycan Beynəlxalq Bankının kapital artımı və aktivlərinin sağlamlaşdırılması yaxın 12-18 ayda da davam etdiriləcək. Problemli kreditlərinin azalmasına, mənfəətliyinin bərpasına, eləcə də Azərbaycan Beynəlxalq Bankının depozit reytinqinin yüksəlməsinə müvafiq olaraq “ABB Moskva”nın reytinqi daha da yüksələ bilər.