Beynəlxalq reytinq agentliyi “Moody’s Ratings” “Bank Respublika” ASC-nin uzunmüddətli yerli və xarici valyutada bank depozit reytinqlərini “Ba3” səviyyəsində təsdiqləyib və bu reytinqlər üzrə proqnozu “stabil” saxlayıb.
Banker.az xəbər verir ki, bu barədə həftənin cümə axşamı yayımlanan press-relizində bildirilir.
Reytinq agentliyi eyni zamanda bankın Baza Kredit Qiymətləndirməsini (BCA) və Düzəliş Edilmiş BCA-sını “b1”, uzunmüddətli yerli və xarici valyutada Kontragent Risk Reytinqlərini (CRR) “Ba2”, uzunmüddətli Kontragent Risk Qiymətləndirməsini isə “Ba2”(cr) səviyyəsində təsdiqləyib.
“Moody’s” bildirib ki, bankın “b1” səviyyəli BCA reytinqinin təsdiqlənməsi onun maliyyə göstəricilərinin, xüsusilə aktiv keyfiyyəti və gəlirliliyinin davamlı olaraq güclü qalmasını əks etdirir.
“Bank Respublika”nın “b1” BCA reytinqi bankın möhkəm aktiv keyfiyyəti ilə dəstəklənir. Problemli kreditlərin payı 2025-ci ilin sonunda 1,5% təşkil edib, problemli kreditlər üzrə təminat səviyyəsi isə təxminən 109% olub”- deyə, qeyddə əlavə edilib.
Agentliyin qiymətləndirməsinə görə, bankın aktiv keyfiyyəti Azərbaycanda əlverişli fəaliyyət mühiti və mikrokreditlər, kiçik və orta biznes, eləcə də pərakəndə kreditlər arasında balanslaşdırılmış kredit portfeli hesabına dəstəklənməyə davam edəcək.
“Moody’s” həmçinin vurğulayıb ki, bankın gəlirliliyi onun əsas üstünlüklərindən biri olaraq qalır.
“Bank 2025-ci ildə rekord həcmdə – 61 milyon manat xalis mənfəət əldə edib (2024-cü il: 51 milyon manat) ki, bu da maddi aktivlər üzrə gəlirlilik göstəricisinin 2,3% olmasına gətirib çıxarıb. Növbəti 12-18 ay ərzində gəlirliliyin yüksək səviyyədə qalacağını gözləyirik, baxmayaraq ki, kredit xərclərinin normallaşması fonunda müəyyən zəifləmə mümkündür”- deyə, agentlik bildirir.
Reytinq agentliyi bankın kapital mövqeyinin də gücləndiyini qeyd edib. Məlumata görə, Maddi Adi Kapitalın (TCE) risklə ölçülmüş aktivlərə (RWA) nisbəti 2024-cü ilin sonundakı 9,6%-dən 2025-ci ilin sonunda 11,3%-ə yüksəlib. “Moody’s” növbəti 12-18 ay ərzində mənfəətin 20%-30%-i həcmində dividend ödənişlərinin davam edəcəyini, lakin bunun kapitalın daha da artmasına ciddi maneə yaratmayacağını gözləyir.
Bununla yanaşı, agentlik bankın maliyyələşmə və likvidlik göstəricilərini də qiymətləndirib. Bildirilib ki, 2025-ci ilin sonuna müştəri depozitləri bankın ümumi öhdəliklərinin təxminən 60%-ni təşkil edib. Topdansatış maliyyələşməsinin əsasən yerli banklar, beynəlxalq inkişaf institutları və xarici investisiya fondları hesabına formalaşdığı, bunun isə məhdud yenidən maliyyələşmə riski yaratdığı qeyd olunub.
“Bank Respublika”nın “Ba3” uzunmüddətli depozit reytinqi Azərbaycan hökumətindən dəstək ehtimalını nəzərə alan bir pilləlik yüksəlişi əks etdirir. Bu yanaşma bankın 2025-ci ilin sonuna sistem aktivlərində təxminən 5%-lik bazar payına malik olması ilə əlaqədardır”- ”- deyə, vurğulanır.
“Moody’s” bildirib ki, uzunmüddətli depozit reytinqləri üzrə “stabil” proqnoz bankın qarşıdakı 12-18 ay ərzində sağlam fundamental göstəricilərini qoruyacağı gözləntisini əks etdirir.
Agentliyin məlumatına görə, kapital adekvatlığının və maliyyələşmə profilinin əhəmiyyətli dərəcədə yaxşılaşması və ya Azərbaycanda fəaliyyət mühitinin daha da güclənməsi bankın reytinqlərinin artırılmasına səbəb ola bilər. Əksinə, fəaliyyət mühitinin pisləşməsi nəticəsində aktiv keyfiyyəti, kapital adekvatlığı və ya likvidliyin əhəmiyyətli zəifləməsi, eləcə də Azərbaycanın suveren reytinqinin aşağı salınması bankın reytinqlərinə mənfi təsir göstərə bilər.







