Son illər Azərbaycan banklarının kredit portfelində dollarlaşma səviyyəsi xeyli azalıb və artıq əhəmiyyətli risk faktoru hesab edilmir.
Bu barədə “Moody’s Ratings”in kiçik vitse-prezidenti Lev Dorf bildirib.
Onun sözlərinə görə, kredit portfelinin strukturunda xarici valyutada olan kreditlərin payı 15 %-ə qədər azalıb, halbuki 2020-ci ildə bu göstərici 30 %-ə yaxın olub.
“Eyni zamanda, biz kredit portfellərinin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasını müşahidə edirik. 2025-ci ilin ortalarına 90 gündən çox vaxtı keçmiş problemli kreditlərin payı tarixdə ilk dəfə bu qədər aşağı səviyyədə – 2,8 % həcmindədir, halbuki 2021-ci ilin sonunda bu rəqəm 4 % idi. Pərakəndə biznes, kiçik və orta biznes seqmentlərinin kreditləşməsinin genişlənməsi də sabitliyin əlavə amilidir və bu, bankların portfellərində risklərin təmərküzləşməsinin azalmasına töhfə verir”, – L.Dorf qeyd edib.
O, əlverişli makroiqtisadi mühitin, bankların əsas fəaliyyətinin cəmləşdiyi qeyri-neft sektorunun davamlı artımının, eləcə də əhalinin gəlirlərinin artmasının borcalanların ödəniş intizamının qorunmasına və bank sisteminin maliyyə dayanıqlığının daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
Rəsmi statistikaya əsasən, 2025-ci il iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən 22 bankın kredit portfeli 28,472 milyard manat (il ərzində 11,96 % artıb) təşkil edib ki, bunun da 14,58 %-i və ya 4 milyard 152 milyon manatı xarici valyutada olan kreditlərin payına düşür.
Eyni zamanda, eyni tarixə bank sektorunun depozit portfelinin ümumi həcmi 37,353 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 % çoxdur. Bu məbləğin 40,75 %-i (15,224 milyard manat ekvivalenti) ABŞ dollarında olan əmanətlərin payına düşür.