“Azərbaycanda ən böyük banklara potensial dövlət dəstəyi yüksək olaraq qalır”.
Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən bildirilib. “Moody’s” qeyd edib ki, Azərbaycan Dövlət Neft Fondu və Mərkəzi Bank tərəfindən toplanmış ümumi ehtiyatlar 2023-cü ilin sonuna ÜDM-in 100%-ni ötüb. Bu baxımdan, hökumət iqtisadiyyatı və yüksək dollarlaşmış, ümumi aktivləri ÜDM-in təxminən 35%-ni təşkil edən bank sistemini dəstəkləməyə qadirdir.
Agentlik qeyd edib ki, dövlət dəstəyi və sistem əhəmiyyəti ötən il uzunmüddətli depozit reytinqi qiymətləndirilən 5 Azərbaycan bankından 3-nün İlkin Kredit Qiymətləndirmələri üzrə (BCA) reytinqinin yüksəlməsinə təsir edib: “Biz 31 dekabr 2023-cü il tarixinə sektor üzrə aktivlərin 58%-nə sahib olan 23 kommersiya bankından 5-ni qiymətləndirdik. Bizim fikrimizcə, Azərbaycan banklarının BCA-ları, onların müstəqil maliyyə gücünə dair ölçülmüş göstərici ilə ba3-dən b2-yə qədər üç pilləli diapazonda paylanır. 1 bankın reytinqi b1, 3 bankın reytinqi b2, 1 bankın reytinqi isə ba3 səviyyəsində qiymətləndirilib. 3 bank üzrə proqnoz “müsbət”, 2 bank üzrə is “stabil” olaraq qiymətləndirilib. Bankların uzunmüddətli depozitlər üzrə orta çəkili reytinqi isə ba3 səviyyəsindədir”.