Nəqliyyat-logistika və enerji infrastrukturuna böyük investisiyalar Mərkəzi Asiya və Qafqazda iqtisadi şaxələndirmənin və orta müddətli iqtisadi artımın əsas drayveri olacaq.
Banker.az “Moody’s” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca aktivliyin artması Qazaxıstana (suveren kredit reytinqi “sabit” proqnozla təsdiqlənib), Azərbaycana və Gürcüstana (Ba2, “sabit”) birbaşa iqtisadi fayda gətirir.
“Eyni zamanda, qonşu dövlətlər üçün multiplikativ effekt genişlənir. Xüsusilə, Özbəkistan (Baa1/Ba2, “sabit”) və Qırğızıstan Respublikası (B3, “müsbət”) müsbət təsiri hiss edir. Strateji infrastruktur təşəbbüslərinin, o cümlədən Çin – Qırğızıstan – Özbəkistan dəmir yolunun tikintisi layihəsinin həyata keçirilməsi regionun Avropa, Çin (A1, “sabit”) və Fars körfəzi ölkələrinin bazarları ilə daha sıx iqtisadi inteqrasiyasına kömək edir”, – agentliyin analitikləri qeyd ediblər.
Regionda iqtisadi artım tədricən ənənəvi xammal sektorundan kənara çıxır. Ekspertlərin fikrincə, Mərkəzi Asiya ölkələrində xidmət, emal sənayesi və tikinti sahələrində qabaqlayıcı artım qeydə alınır.
Analitiklər qeyd ediblər ki, paralel olaraq region dövlətləri “yaşıl enerji”yə və resursların ötürülməsi üzrə transsərhəd infrastruktura yatırımları aktiv şəkildə artırırlar. Bu sahədə əsas layihələr Xəzər Yaşıl Enerji Dəhlizi və Qara dənizin dibi ilə strateji sualtı kabelin çəkilməsi təşəbbüsüdür. Bu təşəbbüslər yeni enerji istehsalı mənbələrinin yaradılmasına və ölkələrin enerji sistemlərinin qarşılıqlı əlaqəsinin gücləndirilməsinə yönəlib.
“Bundan əlavə, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Ermənistan məlumatların emalı mərkəzlərinin, magistral fiber-optik rabitə xətlərinin və müasir hesablama infrastrukturunun inkişafına irimiqyaslı investisiyalar yatırmağa başlayıblar”, – agentliyin analitikləri vurğulayıblar.
Onların qiymətləndirmələrinə görə, texnoloji modernləşdirmə uzunmüddətli perspektivdə əmək məhsuldarlığının artması və yüksək əlavə dəyərli məhsulların ixracının artırılması üçün möhkəm təməl yaradacaq.







