“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan hökumətinin emitent və yüksək təminatsız xarici valyutada reytinqlərini “Ba1” səviyyəsində təsdiqləyib və proqnozu “sabit”dən “müsbət”ə dəyişib.
“Müsbət proqnoz iqtisadiyyatın şaxələndirilməsi və makroiqtisadi siyasətin effektivliyinin təkmilləşdirilməsi perspektivlərini əks etdirir. Bu da Azərbaycanın kredit profilinin daha yüksək reytinq səviyyəsinə uyğun olaraq daha da güclənməsinə səbəb ola bilər. Avropa və Asiya arasında mühüm nəqliyyat qovşağı kimi Orta Dəhlizin artan əhəmiyyəti və Azərbaycan daxilində investisiya qoyuluşu iqtisadi perspektivə təkan verir. Doğrudur, bunun iqtisadiyyata təsiri yalnız zamanla hiss olunacaq. Bundan başqa, Avropanın Azərbaycan təbii qazına tələbatının artması, həmçinin bərpa olunan enerji sahəsində layihələrin genişlənməsi tükənən neft ehtiyatlarının ölkənin xarici hesablarına təsirini yumşaldacaq”, – agentliyin hesabatında qeyd edilib.
“Moody’s” analitikləri hesab edirlər ki, neft qiymətlərinin dəyişməsi və fiskal intizam daxil olmaqla, son sarsıntılar fonunda makroiqtisadi sabitliyin saxlanılmasına dair “xidmət dəftərçəsi” bu istiqamətdə yürüdülən siyasətin effektivliyinin artmasını göstərir: “İdarəetmənin təkmilləşdirilməsi üzrə davamlı səylər səmərəli olarsa, zamanla institusional effektivlik və bu istiqamətdə siyasətə dair etimad daha da güclənəcək”.
Reytinqin təsdiqi kreditlə bağlı üstünlükləri əks etdirir. Bu isə ölkənin aşağı borc yükü, çox yüksək borc almaq imkanına malik olması və xarici aktivlərdə saxlanılan əhəmiyyətli fiskal ehtiyatları ilə çox güclü dövlət balansına əsaslanır. Bunlar isə hökumətin likvidlik və xarici həssaslıqla bağlı riskləri azaldır.
“Azərbaycanın yerli və xarici valyutada reytinq tavanları müvafiq olaraq “Baa2” və “Ba1” səviyyəsində dəyişməz olaraq qalır. Yerli valyuta tavanı ilə suveren reytinq arasındakı iki səviyyədə fərq hökumətin iqtisadiyyatda böyük iştirakını və hələ də zəif institusional idarəetməni Dövlət Neft Fondunun ölkənin xarici və makroiqtisadi sabitliyini dəstəkləyən nəhəng aktivlərinə qarşı tarazlaşdırır”, – məlumatda qeyd olunub.