10 C
Baku
Thursday, December 12, 2024

“Moody`s” Azərbaycanın bank sektoru üzrə proqnozu “stabil”ə dəyişib

“Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə proqnozu “neqativ”dən “stabil”ə dəyişib.

“Neftin qiymətinin bahalaşması nəticəsində ölkə iqtisadiyyatı artacaq. Biz 2018-2019-cu illərdə Azərbaycanda ÜDM-nin müvafiq olaraq 1,5% və 3% təşkil edəcəyini gözləyirik. Bu, neftin qiymətinin bahalaşması və ixrac həcmlərinin artması sayəsində mümkün olacaq”, – deyə agentliyin Azərbaycanın bank sisteminə dair icmalında (“Banking System Outlook: Azerbaijan: Resumed economic growth will underpin banks` fragile recovery”) qeyd olunur.

Agentliyin qiymətləndirmələrinə görə, iqtisadi artım kreditə tələbin tədricən yüksəlməsinə səbəb ola bilər. “Biz 2018-ci ildə bankların məcmu kredit portfelinin əsasən əhaliyə verilən kreditlərin həcminin artması hesabına 5-10% artacağını gözləyirik. Lakin cari ildə korporativ kreditləşmənin dinamikası zəif olaraq qalacaq”, – deyə icmalda bildirilir.

“Moody`s” gələcəkdə Azərbaycan banklarının kredit portfelinin yaxşılaşacağını və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin qısa valyuta mövqeyinin hecləşdirilməsini proqnozlaşdırır.

Agentliyin qiymətləndirmələrinə görə, Azərbaycanın bank sektorunda konsolidasiya davam edəcək, çünki iqtisadi azalmaya və milli valyutanın devalvasiyasına məruz qalan, eləcə də hələ də kapital çatışmazlığı ilə üzləşən banklar maliyyə cəhətdən daha güclü banklara qoşulmağa can atacaq.

“Azərbaycan banklarının aktivlərinin keyfiyyəti və mənfəətliliyi yüksək riskli aktivlər səbəbindən və borclarla bağlı mümkün itkilər üçün əlavə ehtiyatların yaradılması zərurətindən zəif olaraq qalacaq”, – deyə agentlik qeyd edir.

Agentliyin proqnozlarına görə, 2018-2019-cu illərdə Azərbaycanda bankların kreditlər üzrə ehtiyatları (LLR) tədricən azalacaq. Eyni zamanda, problemli kreditlərin payının yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 2017-ci ilin yekunları üzrə problemli kreditlərin xüsusi çəkisi 18,7% təşkil edəcək, 2018-2019-cu illərdə bu göstərici müvafiq olaraq 15% və 13%-dək azalacaq.

– İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər