Beynəlxalq reytinq agentliyi Moody’s Ratings hesab edir ki, Azərbaycanın orta müddətli iqtisadi artımı qeyri-neft sektorunun genişlənməsi hesabına dəstəklənəcək.
Banker.az bunu Agentliyin açıqladığı yeni qiymətləndirməyə istinadən xəbər verir.
Agentliyin proqnozuna görə, ölkədə 2026-cı ildə iqtisadi artım təxminən 1,5%, orta müddətli dövrdə isə 2-2,5% səviyyəsində olacaq.
Moody’s bildirib ki, neft hasilatının azalması iqtisadiyyatın inkişaf tempini məhdudlaşdırsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irəliləyiş davam edir. Agentliyin qiymətləndirməsinə görə, rəqəmsal infrastruktur layihələri, regional nəqliyyat bağlantılarının genişlənməsi və qeyri-neft sektorunun inkişafı orta müddətdə iqtisadi artımı dəstəkləyəcək. İnformasiya-kommunikasiya texnologiyaları, turizm və emal sənayesi bu prosesin əsas hərəkətverici sahələri kimi göstərilib.
Agentlik həmçinin qeyd edib ki, dövlət maliyyəsinin idarə olunması, rəqəmsal idarəetmə, bank sektorunun tənzimlənməsi və fiskal nəzarət sahələrində aparılan islahatlar institusional keyfiyyətin tədricən yaxşılaşmasına şərait yaradır. Bununla yanaşı, iqtisadiyyatın neft-qaz sektorundan yüksək asılılığı hələ də ölkənin əsas kredit məhdudiyyətlərindən biri olaraq qalır.
Moody’s eyni zamanda Azərbaycanın suveren reytinqləri üzrə dövri baxışı tamamladığını bildirib. Agentlik vurğulayıb ki, bu sənəd yeni reytinq qərarı deyil və yaxın müddətdə reytinq dəyişikliyinə işarə etmir. Azərbaycanın uzunmüddətli emitent reytinqi “Baa3” səviyyəsində qalır.







