Beynəlxalq reytinq agentliyi “Moody’s” deyir ki, fiskal nizam-intizamın qorunması və qeyri-neft sektorundakı artım Azərbaycanın büdcə risklərini əhəmiyyətli dərəcədə azaldır və iqtisadiyyatın neftdən asılılığını tədricən zəiflədir.
Banker.az xəbər verir ki, bu barədə reytinq agentliyinin qeydində bildirilir.
Müsbət proqnoz iqtisadiyyatın neft-qaz sektorundan kənara şaxələndirilməsi və qeyri-neft büdcə kəsirinin azaldılması üzrə gözləniləndən daha sürətli irəliləyiş ehtimalını əks etdirir. Eyni zamanda, institusional güc və kredit dayanıqlığında artım müşahidə olunur.
Bundan əlavə, korrupsiya ilə mübarizə, şəffaflıq və ictimai hesabatlılıq sahəsində islahatlar, investisiya cəlbediciliyini artırmaq üçün hüquqi çərçivənin təkmilləşdirilməsi, dövlət satınalmalarının rəqəmsallaşdırılması və yeni arbitraj qanunu kimi təşəbbüslər də bu müsbət qiymətləndirməyə səbəb olur.
Agentlik Azərbaycanın kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə qaldırıb və proqnozu “müsbət” olaraq saxlayıb. Reytinqin artırılmasına əsas səbəb kimi ölkənin fiskal dayanıqlığının güclənməsi göstərilib.
Xüsusilə, Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin hökumət borcunu təxminən dörd dəfə üstələməsi və ÜDM-in 80%-dən çoxunu təşkil etməsi Azərbaycanın maliyyə sabitliyinin əsas dayağı kimi dəyərləndirilib. Bununla yanaşı, dövlət büdcəsinin neft gəlirlərinə asılılığı son on ildə əhəmiyyətli şəkildə azalıb – 2014-cü ildə ÜDM-in 16%-ni təşkil edən bu göstərici 2024-cü ildə 10%-ə enib.