Moody’s “Bank Respublika”nın aktiv keyfiyyəti və gəlirliliyinin yüksək qalacağını gözləyir

“Moody’s Ratings” qarşıdakı 12-18 ay ərzində “Bank Respublika” ASC-nin maliyyə göstəricilərinin güclü qalacağını gözləyir.

Banker.az reytinq agentliyinin proqnozuna istinadən xəbər verir ki, bankın aktiv keyfiyyəti Azərbaycanda əlverişli fəaliyyət mühiti və mikrokreditlər, kiçik və orta biznes, eləcə də pərakəndə kreditlər arasında balanslaşdırılmış kredit portfeli hesabına dəstəklənməyə davam edəcək. Agentlik 2025-ci ilin sonunda problemli kreditlərin payının 1,5%, bu kreditlər üzrə təminat səviyyəsinin isə təxminən 109% təşkil etdiyini bildirib.

Moody’s hesab edir ki, bankın gəlirliliyi növbəti 12-18 ay ərzində də yüksək səviyyədə qalacaq. Agentliyin qiymətləndirməsinə görə, kredit xərclərinin hazırkı olduqca aşağı səviyyədən tədricən normallaşması səbəbindən gəlirlilikdə müəyyən zəifləmə gözlənilsə də, bankın kiçik və orta biznes, mikromaliyyələşmə və pərakəndə seqmentlərə yönəlmiş strategiyası sağlam faiz marjası, eləcə də komissiya gəlirləri hesabına mənfəətliliyi dəstəkləyəcək.

Reytinq agentliyi bankın kapital adekvatlığının da güclənəcəyini gözləyir. Bildirilir ki, güclü daxili kapital yaradılması hesabına kapital göstəricilərinin artımı davam edəcək. Mənfəətin 20%-30%-i həcmində dividend ödənişlərinin davam edəcəyi gözləntilərinə baxmayaraq, bunun kapitalın daha da möhkəmlənməsinə ciddi maneə yaratmayacağı qeyd olunur.

Moody’s həmçinin bankın maliyyələşmə və likvidlik mövqeyinin adekvat qalacağını proqnozlaşdırır. Agentliyin məlumatına görə, topdansatış maliyyələşməsi əsasən yerli banklar, beynəlxalq inkişaf institutları və xarici investisiya fondları hesabına sabit və mülayim səviyyədə qalacaq, bu isə yenidən maliyyələşmə riskini məhdudlaşdıracaq. Eyni zamanda, bankın növbəti 12-18 ay ərzində kifayət qədər likvidlik ehtiyatlarını qoruyacağı gözlənilir.

Moody’s bildirir ki, kapital adekvatlığının və maliyyələşmə profilinin əhəmiyyətli dərəcədə yaxşılaşması və ya Azərbaycanda fəaliyyət mühitinin daha da güclənməsi bankın reytinqlərinin yüksəldilməsinə səbəb ola bilər. Əksinə, fəaliyyət mühitinin əhəmiyyətli dərəcədə pisləşməsi nəticəsində aktiv keyfiyyətinin, kapital adekvatlığının və ya likvidliyin zəifləməsi, eləcə də Azərbaycanın suveren reytinqinin aşağı salınması bankın reytinqlərinin endirilməsi ilə nəticələnə bilər.

Qeyd edək ki, “Moody’s Ratings” bu gün “Bank Respublika”nın uzunmüddətli yerli və xarici valyutada bank depozit reytinqlərini Ba3, Baza Kredit Qiymətləndirməsini (BCA) və Düzəliş Edilmiş BCA-sını b1, uzunmüddətli Kontragent Risk Reytinqlərini (CRR) Ba2, uzunmüddətli Kontragent Risk Qiymətləndirməsini Ba2(cr) səviyyəsində təsdiqləyib. Agentlik uzunmüddətli depozit reytinqləri üzrə proqnozu “stabil” saxlayıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər