“Moody’s Ratings” hesab edir ki, “Kapital Bank” ASC-nin maliyyə göstəriciləri növbəti 12-18 ay ərzində ümumilikdə sabit qalacaq və bankın kredit profili əlverişli əməliyyat mühitinin dəstəyi ilə güclənməyə davam edəcək.
Banker.az xəbər verir ki, cümə axşamı açıqlanan press-relizdə bildirilib.
Reytinq agentliyinin qiymətləndirməsinə görə, bankın aktiv keyfiyyətinin yaxın 12-18 ayda əlverişli əməliyyat mühitinin təsiri ilə ümumilikdə sabit qalacağı gözlənilir. “Moody’s” qeyd edir ki, 2025-ci ilin sonuna problemli kreditlər ümumi kredit portfelinin təxminən 3,7%-ni təşkil edib, bu kreditlər üzrə ehtiyatlarla təminat səviyyəsi isə 130% olub.
Agentlik bankın gəlirliliyinin də sabit qalacağını proqnozlaşdırır. Bildirilir ki, maddi aktivlər üzrə gəlirliliyin (ROTA) 2% və ya daha yüksək səviyyədə qalacağı gözlənilir. Bu isə daha yüksək xalis faiz marjası və bankın genişlənən tranzaksiya biznesindən formalaşan komissiya gəlirləri ilə dəstəklənəcək.
“Moody’s” həmçinin hesab edir ki, risklə ölçülmüş aktivlərin (RWA) artım tempinin növbəti 12-18 ay ərzində təxminən 10-15% səviyyəsində olacağı gözlənilir. Agentliyin fikrincə, bu, kapital adekvatlığına təzyiqi azaldacaq və bankın kapital mövqeyini dəstəkləyəcək.
Bununla yanaşı, reytinq agentliyi uzunmüddətli depozit reytinqləri üzrə müsbət proqnozun həm Azərbaycanın suveren reytinqi üzrə müsbət proqnozu, həm də “Kapital Bank”ın kredit profilinin əlverişli əməliyyat mühitindən faydalanmağa davam edəcəyi gözləntisini əks etdirdiyini bildirib. Agentliyin qiymətləndirməsinə görə, bu mühit bank üçün daha geniş biznes imkanları yaradacaq və kredit göstəricilərinin daha da möhkəmlənməsini dəstəkləyəcək.
Qeyd edək ki, “Moody’s Ratings” bu gün “Kapital Bank”ın uzunmüddətli yerli və xarici valyutada bank depozit reytinqlərini Ba2, baza kredit qiymətləndirməsini (BCA) ba3, düzəliş edilmiş BCA-sını, uzunmüddətli yerli və xarici valyutada qarşı tərəf riski reytinqlərini Ba1, uzunmüddətli qarşı tərəf riski qiymətləndirməsini Ba1(cr) kimi təsdiqləyib. Uzunmüddətli depozit reytinqləri üzrə proqnoz isə müsbət saxlanılıb.







