“Biz düşünürük ki, Ukrayna, Azərbaycan, Tacikistan və Belarus bankları daha çox xarici valyuta risklərinə məruz qalıb və yüksək dollarlaşmanın (dollarizasiya) hökmranlıq etməsi bank sistemində valyuta uyğunsuzluğu mühiti yaradıb”.
“Report” xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin MDB ölkələrində valyuta riskləri və dollarlaşma ilə bağlı hazırladığı hesabatda qeyd edilib.
Agentlik hesab edir ki, MDB ölkələri arasında ən aşağı valyuta riski Özbəkistanda qeydə alınıb: “2014-cü ildən bəri Ukrayna milli valyutası 70% ucuzlaşıb. Hesab edirik ki, valyuta əsnəkliyi riskləri Azərbaycan, Tacikistan və Belarus banklarına daha çox təsir edib. Əksinə Özbəkistanda valyuta təzyiqlərinə baxmayaraq banklar gəlir əldə edib. Belə ki, idarə edilən məzənnə siyasəti çərçivəsində milli valyuta mərhələli şəkildə devalvasiya edilib”.
“Moody’s” hesab edir ki, Azərbaycan manatının taleyi neft qiymətlərindən asılıdır: “Rusiya rublu və Qazaxıstan təngəsi situasiyadan çıxmağı bacardı. Amma Azərbaycan manatı hələ də neft qiymətlərindən asılıdır. Manat xarici valyutaya yüksək tələbatın və ölkə iqtisadiyyatının stabilliyinə aşağı etimadın olması fonunda daha da zəifləyir. Neft hasil edən bu üç ölkənin üzən valyuta rejiminə keçdiyini nəzərə alaraq demək olar ki, onların valyuta perspektivləri sabit neft qiymətlərindən çox asılı olacaq. Eyni zamanda, Azərbaycanda vəziyyət də iqtisadi sabitliyin təmin olunması üçün həyata keçirilən dövlət siyasətinin səmərəliliyindən asılıdır”.