“Moody’s” Nigerin reytinqini iki pillə – B3-dən Caa2 səviyyəsinə endirib. Onun daha da pisləşməsi ehtimalı var, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
“Moody’s” hesab edir ki, Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (QADİB) və Qərbi Afrika İqtisadi və Valyuta İttifaqı (QAİVİ) təşkilatlarının sanksiyaları ölkəni defolta sürükləyəcək. Qeyd edək ki, məhdudiyyətlərə Nigerlə bütün kommersiya və maliyyə əməliyyatlarının dayandırılması, mərkəzi və kommersiya banklardakı dövlət aktivlərinin dondurulması daxildir.
“Nigerin reytinqinin aşağı salınmasının əsas amili ölkə institutlarının və idarəçiliyinin pisləşməsidir”, – agentlik bildirib.
Nigerdəki üsyan iyulun sonunda başlayıb. Ona general Abdurahman Çianinin başçılıq etdiyi prezident qvardiyasının üzvləri rəhbərlik edib. Hərbçilər ölkədə komendant saatı tətbiq edib, konstitusiyanın fəaliyyətini dayandırıb, həmçinin partiyaların hər hansı siyasi fəaliyyətini qadağan edib. İyulun 28-də general Çiani Nigerin yeni prezidenti seçilib.