Qlobal iqtisadiyyat yaxın gələcəkdə yavaşlamağa davam edəcək, bunun səbəblərindən biri inflyasiyanın nisbətən yüksək səviyyədə qalması ola bilər. Bunu “CNBC” telekanalına müsahibəsində suveren və subsuveren risklər üzrə “Moody’s” reytinq agentliyinin rəhbəri Mari Diron deyib.
Onun sözlərinə görə, iqtisadi artımın yavaşlaması üç əsas amillə bağlıdır: yüksək faiz dərəcələri, maliyyə sektorundakı gərgin vəziyyət və Çindəki yavaşlama. Xanım Diron qeyd edir ki, müxtəlif ölkələrin mərkəzi bankları dərəcələri artırmaqla “dezinflyasiya tendensiyası” yaratmağa nail olsalar da, inflyasiya riskləri yüksək olaraq qalır. “İnflyasiyanın öhdəsindən gəlmək indi göründüyündən daha çətin olacaq və bu, yavaş artımın daha uzun müddət davam edəcəyinə gətirib çıxaracaq”, – Diron deyir.
Maliyyə sektorundakı gərginlik də yüksək göstəricilərlə bağlıdır. “Biz görürük ki, banklar yüksək dərəcələr dövrünə tab gətirə biliblər, bu da gəlirliliyə müsbət təsir göstərib, lakin əmanətlərin cəlb edilməsini davam etdirmək üçün korreksiyaya ehtiyac var”.
Mari Diron həmçinin qeyd edib ki, “Moody`s” Çin iqtisadi artımının sürətli bərpasını gözləmir, çox güman ki, “Çinin nisbətən ləng böyüməsi bütün region üçün nəticələrə səbəb olacaq”.
Eyni zamanda, “Moody’s” ekspertinin fikrincə, dünyada ümumi yavaşlama ilə “sabitlik ocaqları” ola bilər, məsələn, agentlik “nisbətən sabit artımın olduğu Hindistan və İndoneziya kimi bazarlarda əlverişli şərait görür”.