ABŞ Federal Ehtiyat Sistemi (FES) 2018-ci ilə qədər uçot dərəcələrini artırmayacaq. Bu barədə məlumatı “Vestifinance” saytı ABŞ-ın “Morgan Stanley” bankının hesabatına əsasən yayınlayıb. Bankdan bildirilib ki, FES ölkədə zəif iqtisadi artımın müşahidə edildiyi bir şəraitdə uçot dərəcələrini artırmaq qərarı verməyəcək.
“Morgan Stanley” baş strateji mütəxəssisi Endryu Şitsə (Endryu Sheets) qeyd edib ki, yaxın 12 ay ərzində dünyada və eləcə də ABŞ-da zəif, hətta bir qədər də məyusedici iqtisadi artım yaşana bilər. Bankın hesablamalarına əsasən ABŞ-ın 2017-ci ildə iqtisadi artım tempi 1,5% təşkil edə bilər. Xatırladaq ki, hazırda ABŞ iqtisadiyyatının 2017-ci il üçün orta konsensus artım sürəti 2,3%-ə bərabərdir. Bankın analitikləri inkişaf etmiş ölkələr üçün ÜDM artımını 2016-cı il üçün 1,4%, 2017-ci il üçün isə 1,2% proqnozlaşdırıblar. Xatırladaq ki, 2015-ci ildə bu ölkələrdə iqtisadi artım 1,9% təşkil edib. /Report