Moskva danışıqlarında sınaq qarşısında olan kimdir? Rusiya, yoxsa Azərbaycan…

Elman Sadıqov, iqtisadçı-ekspert

Müəllif: Elman Sadıqov

Pandemiyadan sonra dünyada yeni iqtisadi və siyasi bloklar, güc mərkəzləri yaranacaq, dünya 2030-cu ilə qədər sürətlə dəyişərək tamamilə fərqli olacaq deyirdik. Amma bu dəyişikliklərin məhz Azərbaycandan başlama ehtimalını səsləndirsək də başqa region və dövlətlərdən başlayacağına inam daha çox idi. Amma, dəyişikliklər Azərbaycandan başlayır. Niyə? Niyə məhz Azərbaycan?

– əvvəla, mesajlar aydındır. Dünyanın güc mərkəzləri bundan sonra ərazi dəyişikliklərinə getməyi düşünmür, istəmir, təqdir etmir;

– faşist ideologiyasının təbliği və genişlənməsi yolverilməzdir. Bu, dünyada irqçilik, millətçilik, faşizm kimi meylləri artırar və təhlükəli tendensiyalar yaranar;

– xəstə təxəyyüllərə əsaslanan millətçilik yolverilməzdir. Multikulturalizm,  tolerantlıq vaz keçilməz dəyərlər olaraq qalacaq;

– investisiya qoyuluşları daha da dəyərli və vacib amilə çevrilir. Xüsusilə rentabelli investisiyalar əvəzedilməz rola malikdir. Xüsusilə, dünyada ciddi iqtisadi problemlərin dərinləşdiyi bir vaxtda. İnvestisiyalara təhlükələr isə yolverilməzdir. (Sadə dillə desək, enerji təhlükəsizliyi məsələlərində önəmli rol oynayan və dəyəri layihələri milyardlarla dollarla ölçülən boru xətlərinə təhlükə yaradan cəzasını çəkməyə məhkumdur);

– Rusiya dövlətçilik ənənələri olan dövlətlərdən biridir. Rusiya prezidenti V.Putin də praqmatik prezidentdir. Yeni reallıqları Rusiyanın ciddi analitikləri, mərkəzləri görür və hesablayır. Azərbaycanın əzmi, həvəsi və istəyi, arzusu onun iqtisadi, hərbi və nüfuz potensialı ilə üst üstə düşür, bir birini tamamlayır. Digər tərəfdə isə olan Ermənistanı isə bu günün reallıqları çərçivəsində açıq-aydın müdafiə etmək işğalı, faşizmi (faşizmdən ən çox əziyyət çəkən dövlət elə Rusiyanın özü olmuşdur və Ermənistanın təbliğ etdiyi millətçiliyin artması da Rusiyanın gələcəyi üçün  ciddi təhlükə yaradar), Rusiyaya arxa çevirən ölkələri dolayısı ilə dəstəkləmək (“biz Rusiyasız da keçinərik” deyən Ermənistanı yenə dəstəkləmək digər MDB ölkələrini də “Rusiyasız keçinərik” fikrinə sövq etməkdir) deməkdir. Deməli, indiki halda Ermənistanı açıq-aydın dəstəkləmək bir sıra səbəblərdən yüksək risk daşıyır. Həm də..Azərbaycanı itirmək deməkdir. Təkcə Azərbaycanı? Xeyr. Həm də Azərbaycanın ciddi və böyük çəkiyə malik müttəfiqləri ilə üz-üzə gəlmək deməkdir. Həmin müttəfiqlərlə ciddi iqtisadi əlaqələrin ya itirilməsi, ya da zəifləməsi deməkdir. Rusiya bu və qeyd etmədiyim bir çox səbəblərdən praqmatik, təmkinli və yeni dünya reallıqlarından çıxış edən addımlar atır. I Pyotr, ermənilərin Qafqazda dayaq nöqtəsi olması və digər məsələlər indi gündəm deyildir. Reallıqlar tam başqadır. Rusiyanın Azərbaycanı özündən küsdürməsi Rusiya üçün Qafqazın itirilməsi ilə nəticələnə bilər. Rusiyanın atdığı addımlar, hərdən sərt davranışlar sərgiləməsi müxtəlif amilləri nəzərə aldıqda isə təbiidir. Beləliklə, Moskvada baş tutan danışıqlarda əslində ən böyük sınaq mərhələsində olan dövlət elə Rusiyanın özüdür. Tərəf seçimi qarşısında olduğu üçün..

P.S. Bizim bundan sonra görəcəyimiz əsas iş diasporaları gücləndirməklə paralel olaraq strateji hədəflərimizin üst üstə düşdüyü müttəfiqlırimizin güclü lobbi və ya diasporaları ilə birgə əməkdaşlıq çərçivəsində işlərin təkmilləşdirilməsidir. Bunu isə söz gəlişi yazmadım. İndi açıqlanmasını vacib hesab etmədiyim ciddi amil və məsələləri nəzərə alaraq qeyd etdim.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.