Moskvanın Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanları normal fəaliyyətini bərpa edib.
Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
Avqustun 21-i uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu hava limanlarına uçuşlara məhdudiyyətlər tətbiq edilib.
Rosaviasiya bildirib ki, məhdudiyyətlərə görə 45 sərnişin və iki yük reysi Nijni Novqorod, Kazan və Sankt-Peterburqun alternativ hava limanlarına yönləndirilib. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu reyslərin sərnişinləri təyinatla hava limanlarına çatdırılacaq.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, hərbçilər Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli pilotsuz uçuş aparatları ilə Moskva ərazisindəki obyektlərə hücumun qarşısını alıblar.