Mövcud şəraitdən istifadə: Çin rekord həcmdə ucuz neft alır

Getdikcə məhdudiyyətləri aradan qaldıran ölkələrin sayı çoxaldıqca, Çin neftin aşağı qiymətlərindən faydalanmağa tələsir. Banker.az xəbər verir ki, bu barədə neft tankerlərinin hərəkətini izləyən şirkətin məlumatlarına istinadən “Bloomberg” məlumat verib.

Hal-hazırda hər biri 2 milyon barel neft daşımaq gücündə olan Çin limanları istiqamətində 117 supertanker (VLCCs) hərəkət edir. Onların Çin sahillərinə may-avqust ayları aralığında çatacaqları gözlənilir. Beləliklə, bu, Çinin yaxın üç ay ərzində ən azı 230 milyon barel neft alacağı deməkdir.

“Bloomberg” in verdiyi məlumata görə, bu neftin böyük hissəsi “qara qızıl” ın qiymətləri cari qiymətlərdən xeyli aşağı olduğu dövrdə alınıb.
Xatırladaq ki, bir ay əvvəl Çin emalı zavodları digər ölkələrdə tələb azlığı fonunda Alyaska, Kanada və Braziliyadan çox ucuz qiymətə neft almışdı.

Ekspertlərin qiymətləndirmələrinə görə, birinci rübdə Çin strateji və kommersiya ambarlarının doldurma amilini iki qat artıraraq, tələbin düşməsi şəraitində bazara dəstək olub. Çin idxal etdiyi nefti ehtiyatlara yönəldəcək.