26 C
Baku
Saturday, July 5, 2025

MTRŞ sədri: “Ehtimal var ki, iqtisadi səbəblərlə bağlı kanalların sayında azalma olacaq”

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarovun müsahibəsi

– İsmət müəllim, Azərbaycanda televiziya və radio sahəsindən danışanda daha çox yayım və proqramların məzmunu məsələlərinə toxunulur. Bu dəfə biz həm də bu sahənin maliyyə-iqtisadi cəhətləri barədə danışmaq istərdik. Necə düşünürsünüz?

– Audiovizual industriya sektorunun biznesin mühüm qollarından biri olduğu məlumdur. Digər sahələrdə olduğu kimi, bu sektor barədə də danışarkən onun maliyyə və iqtisadi aspektləri mütləq nəzərə alınmalıdır. Bu məsələyə diqqət etdiyinizə görə sizə təşəkkür edirəm.

– Azərbaycanda 2019-cu ilin göstəricilərinə əsasən, 25 yerli televiziya kanalı, 12 yerüstü, peyk və kabel üsulu ilə yayımlanan ümum-ölkə televiziya kanalları olub. Bu gün vəziyyət necədir? Kanalların sayında artım, yoxsa azalma var?

– Ehtimal var ki, iqtisadi səbəblərlə bağlı kanalların sayında azalma olacaq. Çoxalmanı isə şəxsən proqnozlaşdırmıram.

– Yəqin ki, söhbət “Lider” telekanalından gedir. Ümumiyyətlə, iqtisadi vəziyyəti nəzərə alsaq, belə halla üzləşmək təhlükəsi olan başqa telekanallar varmı?

– Televiziya kanallarını şərti olaraq iki hissəyə bölmək olar. Elə telekanallar var ki, onlara ya dövlət, ya da digər kommersiya qurumlarından dotasiya ayrılır. Bu kanalların durumu o qədər də çətin deyil, çünki onların stabil, əvvəlcədən proqnozlaşdırılmış gəliri var. O kanallarla bağlı hər hansı narahatlıq yoxdur. Azərbaycanda bir neçə kanal da var ki, onların gəliri ancaq kommersiya gəlirlərindən asılıdır. Onların əlavə dotasiyası, başqa biznesi, ehtiyatları yoxdur, iqtisadi durumları sırf reklamdan asılıdır. Bu il reklam gəlirlərinin 15-30 faiz aralığında azalması gözlənilir. Hələ ki, kommersiya kanalları bunu hiss etməyib. Çünki televiziya biznesində işləyənlər bilir ki, adətən reklamdan gəlir 3-4 aydan sonra olur. İndi kommersiya kanallarının reklamla bağlı aldığı vəsaitlər faktiki fevral, mart, hətta yanvar ayında verilmiş reklam hesabına gəlir. Çünki 3-4 aylıq gecikmə həmişə olur, bu, normaldır. Karantin rejimi mart ayından başlayıb və indi kanallar azalmanı kəskin surətdə hiss etməyə başlayırlar. Getdikcə onların gəliri azalacaq. Ən ağır sentyabr, oktyabr, noyabr ayları olacaq. Biz bilmirik ki, karantin müddəti nə qədər çəkəcək. Bütün kanallarda isə adətən sentyabr-oktyabr aylarında yeni televiziya mövsümü başlayır. İldə bir dəfə bizdə də, dünyada da bütün kanallarda yenilənmə gedir. Bir tərəfdən həmin dövrdə kanallar daha çox xərc çəkməlidir, digər tərəfdən həmin vaxt reklam gəlirləri çox kəskin surətdə düşəcək. Ona görə ən ağır dövr sentyabr-oktyabr aylarında gözlənilir. Kommersiya kanallarının həqiqətən əziyyət çəkəcəyi mümkündür. Vəziyyət lap kritik də deyil, ancaq müəyyən risklər var. Kanalların bağlanmasını deyil, ancaq onların təqdim etdiyi kontentin səviyyəsinin düşəcəyini gözləmək olar.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər