19 C
Baku
Saturday, October 1, 2022

“Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanunu

Müəssisələr haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müəssisələrin təşkilati-hüquqi formalarını, onların yaradılması, idarə edilməsi və fəaliyyəti prinsiplərini müəyyən edir, müəssisələrin təsərrüfat müstəqilliyinə və hüquq bərabərliyinə təminat verir.

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Müəssisə anlayışı

Müəssisə — mülkiyyət formasından asılı olmayaraq bu Qanuna müvafiq yaradılan və ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədi ilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir.

Müəssisə təşkilati-hüquqi forması göstərilməklə xüsusi ada malik olur.

Maddə 2. Müəssisə haqqında qanunvericilik

Müəssisənin fəaliyyəti bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.

Xarici investisiyanın cəlb edilməsi ilə yaradılan müəssisələrin fəaliyyəti bu maddənin birinci hissəsində göstərilən qanunvericilik aktları ilə yanaşı “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənir.

Maddə 3. Müəssisənin təsərrüfat fəaliyyəti

Müəssisə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan edilməyən, onun nizamnaməsində nəzərdə tutulan istənilən növ təsərrüfat fəaliyyəti ilə məşğul ola bilər.

Azərbaycan Respublikasının Ali Soveti tərəfindən müəyyən edilən fəaliyyət növləri ilə müəssisə yalnız xüsusi razılıq (lisenziya) əsasında məşğul ola bilər.

 

II fəsil

MÜƏSSİSƏNİN NÖVLƏRİ VƏ TƏŞKİLATİ-HÜQUQİ FORMALARI

 

Maddə 4. Müəssisənin növləri

“Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət, kollektiv, xüsusi və qarışıq mülkiyyət formalarına əsaslanan müəssisə növləri fəaliyyət göstərə bilər.

Maddə 5. Müəssisənin təşkilati-hüquqi formaları

Müəssisələr dövlət müəssisəsi, fərdi (ailə), şərikli (tam ortaqlı), payçı və şərikli (kommandit ortaqlıqlar), məhdud məsuliyyətli müəssisələr və səhmdar cəmiyyəti kimi təşkilati-hüquqi formalarda fəaliyyət göstərirlər.

Maddə 6. Dövlət müəssisəsi

Dövlət mülkiyyətinə əsaslanan aşağıdakı növ müəssisələr fəaliyyət göstərirlər:

əmlakı tamamilə dövlət mülkiyyətində olan müəssisə;

səhmlərinin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisə.

Dövlət müəssisəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət əmlakını idarə etməyə vəkil edilən dövlət orqanları tərəfindən yaradılır.

Dövlət müəssisəsinin əmlakı Azərbaycan Respublikasının dövlət mülkiyyətidir. Dövlət müəssisəsi mülkiyyətçi tərəfindən ona təhkim edilmiş əmlak üzərində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hüdudlarda sahiblik, istifadə etmək və sərəncam vermək səlahiyyətlərini həyata keçirir.

Dövlət müəssisəsi öz öhdəliklərinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin əmlakı ilə məsuliyyət daşıyır.

Dövlət müəssisəsinin öhdəliklərinə görə dövlət məsuliyyət daşımır. Müəssisə dövlətin öhdəliklərinə görə məsuliyyət daşımır.

Maddə 7. Fərdi (ailə) müəssisə

Fərdi (ailə) müəssisə vətəndaşın mülkiyyətində və ya onun ailə üzvlərinin, əgər onlar arasında sazişdə başqa hal nəzərdə tutulmayıbsa, ümumi pay mülkiyyətində olan müəssisədir.

Fərdi (ailə) müəssisə vətəndaşın (ailə üzvlərinin) başqa mülkiyyətçilərə məxsus olan müəssisələri satın alması yolu ilə də yaradıla bilər.

Fərdi (ailə) müəssisənin mülkiyyətçisi müəssisənin öhdəliklərinin yerinə yetirilməsinə görə öz əmlakı (ailə üzvlərinin əmlakı) ilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

Maddə 8. Şərikli (tam ortaqlı) müəssisə

Şərikli (tam ortaqlı) müəssisə azı iki fiziki və (və ya) hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir.

Müəssisənin şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar.

Fəaliyyət göstərən müəssisəyə sonradan daxil olan şərik həm də müəssisənin əvvəlki borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır.

Müəssisədən çıxan şərik həmin vaxta kimi müəssisənin fəaliyyəti nəticəsində yaranmış borclara görə digər iştirakçılarla birlikdə bütün əmlakı ilə məsuliyyət daşıyır.

Şərik müəssisədən çıxdıqda öz payını geri alır.

Şəriklərik razılığı ilə həmin pay müəssisənin şəriklərinə və ya kənar şəxslərə satıla, verilə bilər. Müəssisənin. şərikləri payın alınmasında üstün hüquqlara malikdirlər. Pay satılmadığı halda müəssisənin nizamnamə fondunun həcmi onun məbləğinə uyğun olaraq azaldılır.

Müəssisənin şəriklərindən biri (bir neçəsi) vəfat etdikdə, hüquqi şəxs olan şərik isə ləğv edildikdə onun (onların) varisi şərik kimi müəssisəyə qəbul edilir.

Bütün hallarda payın bir mülkiyyətçidən digərinə keçməsi notarial qaydada təsdiq edilməlidir.

Müəssisənin şəriki olan hər bir hüquqi şəxs öz hüquqi şəxs statusunu saxlayır.

Maddə 9. Payçı və şərikli (kommandit ortaqlıqlar) müəssisə

Payçı və şərikli (kommandit ortaqlıqlar) müəssisə azı bir şərik və bir payçı tərəfindən təsis edilir.

Şərik və payçı həm fiziki şəxs, həm də hüquqi şəxs ola bilər.

Şərik müəssisənin öhdəliklərinə və borclarına, görə özünün bütün əmlakı ilə, payçı isə yalnız müəssisəyə verdiyi pay həcmində məsuliyyət daşıyırlar.

Fəaliyyət göstərən müəssisəyə daxil olan şərik (şəriklər) həm də müəssisənin həmin vaxta kimi olan borclarına görə də bütün əmlakı ilə məsuliyyət daşıyır.

Müəssisədən çıxan şərik (şəriklər) həmin vaxta kimi yaranmış borclara görə də digər şəriklərlə birgə öz əmlakı ilə məsuliyyət daşıyır.

Müəssisənin idarə heyəti üzvlərinin seçilməsində və onların səlahiyyətlərini müəyyənləşdirən nizamnamə müddəalarının qəbul edilməsində yalnız şəriklərin səs vermək hüququ vardır.

Nizamnamənin digər müddəalarının qəbul edilməsində və müəssisədaxili məsələlərin həllində həm də payçı şəriklərin səs vermək hüququ vardır.

Payçı və şərik müəssisədən çıxdıqda öz payını geri alır.

Şəriklərin razılığı ilə həmin pay müəssisənin şəriklərinə və ya kənar şəxslərə satıla, verilə bilər. Müəssisənin şərikləri, payçıları payın alınmasında üstün hüquqa malikdirlər. Pay satılmadığı halda müəssisənin nizamnamə fondunun həcmi onun məbləğinə uyğun olaraq azaldılır.

Müəssisənin payçı və şəriklərindən biri (bir neçəsi) vəfat etdikdə, hüquqi şəxs olan şərik isə ləğv edildikdə onun (onların) varisi müvafiq olaraq payçı və ya şərik kimi müəssisəyə qəbul edilir.

Bütün hallarda payın bir mülkiyyətçidən digərinə keçməsi notarial qaydada təsdiq edilməlidir.

Müəssisənin şəriki olan hər bir hüquqi şəxs öz hüquqi şəxs statusunu saxlayır.

Maddə 10. Məhdud məsuliyyətli müəssisə

Məhdud məsuliyyətli müəssisə bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxs tərəfindən yaradılan, nizamnamə fondu təsis müqaviləsi ilə müəyyən edilən həcmdə paylara bölünən müəssisədir.

Müəssisənin təsisçiləri onun öhdəliklərinə görə ancaq nizamnamə fondundakı payları həcmində məsuliyyət daşıyırlar.

Müəssisənin nizamnamə fondunda nəzərdə tutulan pay şərik tərəfindən qismən ödənildikdə, müəssisənin öhdəliklərinə görə həmin şərik payın qalan hissəsinin üzərinə düşən öhdəlik üçün özünün əmlakı ilə payın qalan hissəsi həcmində məsuliyyət daşıyır.

Şərik müəssisədən çıxdıqda öz payını geri alır.

Şəriklərin razılığı ilə həmin pay müəssisənin şəriklərinə və ya kənar şəxslərə satıla, verilə bilər. Müəssisənin şərikləri satılan payın alınmasında üstün hüquqa malikdirlər. Pay satılmadığı halda müəssisənin nizamnamə fondunun həcmi onun məbləğinə uyğun olaraq azaldılır.

Müəssisənin şəriklərindən biri (bir neçəsi) vəfat etdikdə, hüquqi şəxs olan şərik isə ləğv edildikdə, onun (onların) varisi şərik kimi müəssisəyə qəbul edilir.

Bütün hallarda payın bir mülkiyyətçidən digərinə keçməsi notarial qaydada təsdiq edilməlidir.

Müəssisənin şəriki olan hər bir hüquqi şəxs öz hüquqi şəxs statusunu saxlayır.

Maddə 11. Səhmdar cəmiyyəti

Səhmdar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir.

Səhmdar cəmiyyəti azı üç fiziki və (və ya) hüquqi şəxs tərəfindən təsis edilir.

Səhmdar cəmiyyətinin öhdəliklərinə görə səhmdarlar özlərinin verdikləri pay həcmində (onlara məxsus olan səhm paketi hüdudunda) məsuliyyət daşıyırlar.

Səhmdar cəmiyyəti səhmdarların əmlak öhdəliklərinə görə məsuliyyət daşımır.

Səhmdar cəmiyyəti “açıq tipli səhmdar cəmiyyəti” və ya “qapalı tipli səhmdar cəmiyyəti” formasında yaradılır.

Cəmiyyətin üzvü olan hüquqi şəxslər öz hüquqi şəxs statusunu saxlayırlar.

Maddə 12. Müəssisələr birliyi

Müəssisələr fəaliyyətlərinin əlaqələndirilməsi, hüquqlarının müdafiə edilməsi, ümumi mənafelərinin dövlət və digər orqanlarda, təşkilatlarda, habelə beynəlxalq təşkilatlarda təmsil olunması və digər məqsədlər ilə könüllülük əsasında sahə, ərazi və ya başqa prinsiplərə əsasən ittifaqlar, konsernlər, şirkətlər və digər birliklər yarada bilərlər. Ayrı-ayrı istehsalat-təsərrüfat işlərinin və digər funksiyaların mərkəzləşdirilmiş qaydada yerinə yetirilməsi müəssisələrin razılaşdırılmış qərarı əsasında birliyə həvalə oluna bilər.

Bu maddənin birinci hissəsində göstərilən birliklər Azərbaycan Respublikasının antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla yaradıla bilər.

Birlik təsisçilərin təsdiq etdikləri nizamnamə əsasında fəaliyyət göstərir.

Birlik bu Qanunla müəyyən olunmuş qaydada qeydə alınır. Birlik hüquqi şəxsdir, bank idarələrində onun hesablaşma hesabı və digər hesabları, öz adı göstərilən möhürü vardır,

Birlik onun tərkibinə daxil olan müəssisələrin öhdəliklərinə, müəssisələr isə birliyin öhdəliklərinə görə, əgər nizamnamədə (təsis müqaviləsində) digər qaydalar nəzərdə tutulmayıbsa, cavabdeh deyildir.

Birliyin tərkibinə daxil olan müəssisələr birlikdən çıxmaq hüququna malikdirlər. Bu halda birlikdən çıxan müəssisə bağlanmış müqavilələrə əsasən birliyə daxil olan digər müəssisələr qarşısında öz öhdəliklərini saxlayır.

Birlik onun tərkibinə daxil olan müəssisələrin qərarına əsasən ləğv edilir. Birliyin ləğvi bu Qanunla müəssisələrin ləğvi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Birliyin ləğvindən sonra qalmış əmlak birliyin nizamnaməsinə uyğun olaraq onun iştirakçıları arasında bölüşdürülür.

 

III f əs i l

MÜƏSSİSƏNİN YARADILMASI, LƏĞVİ VƏ YENİDƏN TƏŞKİL EDİLMƏSİ

 

Maddə 13. Müəssisənin yaradılması

Müəssisə əmlak mülkiyyətçisinin (mülkiyyətçilərinin), yaxud onun (onların) vəkil etdiyi orqanın, müəssisənin, təşkilatın qərarı ilə bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə nəzərdə tutulan qaydada yaradıla bilər.

Müəssisə Azərbaycan Respublikasının antiinhisar qanunvericiliyinə müvafiq digər müəssisənin icbari bölünməsi nəticəsində təsis edilə bilər.

Müəssisə mülkiyyətçinin və ya onun vəkil etdiyi orqanın razılığı olduqda və müəssisə tərəfindən götürülən öhdəliklərin yerinə yetirilməsi təmin edildikdə fəaliyyət göstərən müəssisənin, təşkilatın tərkibindən bir və ya bir neçə struktur bölmənin ayrılması nəticəsində, habelə fəaliyyət göstərən birliklərin struktur vahidlərinin bazasında da yaradıla bilər.

Maddə 14. Müəssisənin təsisçisi

Müəssisənin təsisçisi kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakılar ola bilər:

dövlət əmlakını idarəetməyə vəkil edilmiş dövlət orqanları;

Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri;

xarici dövlətlər;

xarici dövlətlərin vətəndaşları və hüquqi şəxsləri vətəndaşlığı olmayan şəxslər;

beynəlxalq təşkilatlar.

Müəssisə bir, yaxud bir neçə təsisçi tərəfindən bu Qanunla müəyyən olunmuş qaydada yaradılır.

Maddə 15. Təsis müqaviləsi

Müəssisə yaradılarkən təsisçilər, habelə müəssisə və təsisçi (təsisçilər) arasındakı qarşılıqlı münasibətləri tənzimləmək məqsədilə təsis müqaviləsi tərtib olunur.

Təsis müqaviləsində müəssisənin adı və növü, təsisçilər haqqında məlumat, nizamnamə fondu, hər təsisçinin bu fonddakı payı, öhdəliklər, mənfəətin bölünməsi qaydası və s. göstərilir.

Fərdi və dövlət müəssisələri təsis edilərkən təsis müqaviləsi tərtib olunmur.

Maddə 16. Müəssisənin nizamnaməsi

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr nizamnamə əsasında fəaliyyət göstərir.

Müəssisənin nizamnaməsi təsisçi bir fiziki və ya bir hüquqi şəxs olduqda təsisçi tərəfindən, müəssisənin təsisçiləri iki və ya daha çox fiziki və hüquqi şəxs olduqda ümumi təsis yığıncağı tərəfindən (onun qərarı ilə) təsdiq edilir.

Müəssisənin nizamnaməsində aşağıdakılar göstərilir:

müəssisənin adı və növü, hüquqi ünvanı, təsisçi (təsisçilər) barədə məlumat, müəssisənin hüquq və vəzifələri, nizamnamə fondu, fəaliyyətinin məzmunu və məqsədi, idarəetmə və nəzarət orqanları, səlahiyyəti, müəssisə əmlakının yaranması və mənfəətin (gəlirin) bölüşdürülməsi qaydası, yenidən təşkil olunmanın şərtləri, müəssisənin fəaliyyətinin dayandırılması və ləğvi.

Nizamnamədə müəssisənin fəaliyyəti ilə bağlı olan, qanunvericiliyə zidd olmayan digər müddəalar da verilə bilər.

Maddə 17. Törəmə müəssisələr, filiallar, nümayəndəliklər və müəssisənin digər xüsusi bölmələri

Mülkiyyətçinin və yaxud onun vəkil etdiyi orqanın razılığı əsasında müəssisə törəmə müəssisələr yarada bilər. Mülkiyyətçinin və yaxud onun vəkil etdiyi orqanın razılığı əsasında müəssisə tərəfindən törəmə müəssisəyə əmlak verilir.

Təsisçi törəmə müəssisələrin öhdəliklərinə görə, törəmə müəssisələr isə təsisçinin öhdəliklərinə görə, təsis sənədləri ilə başqa qayda nəzərdə tutulmayıbsa, məsuliyyət daşımır.

Müəssisə filiallar, nümayəndəliklər və müəssisənin digər xüsusi bölmələrini açmaq hüququna malikdir.

Müəssisənin funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən və onun olduğu yerdən kənarda yerləşən xüsusi bölməsi filialdır.

Müəssisənin maraqlarının müvəkilliyini və müdafiəsini həyata keçirən, onun adından əqdlər bağlayan və digər hüquqi hərəkətlər edən və müəssisənin olduğu yerdən kənarda yerləşən xüsusi bölməsi nümayəndəlikdir.

Filiallar və nümayəndəliklər onları yaradan müəssisənin nizamnaməsində göstərilməlidir.

Filiallar və nümayəndəliklər hüquqi şəxslər deyildir. Filiallara və nümayəndəliklərə onları yaradan müəssisə tərəfindən əmlak verilir və onlar həmin müəssisə tərəfindən təsdiq edilmiş nizamnamə əsasında fəaliyyət göstərir.

Filialların və nümayəndəliklərin rəhbərləri onları yaradan müəssisə tərəfindən təyin edilir.

Törəmə müəssisələr dövlət qeydiyyatı keçdikdən sonra yaradılmış sayılır və hüquqi şəxs statusunu əldə edir.

Maddə 18. Müəssisənin dövlət qeydiyyatı

Müəssisənin dövlət qeydiyyatı Azərbaycan Respublikasının müvafiq qanunu ilə nəzərdə tutulan qaydada həyata keçirilir.

Müəssisənin dövlət qeydiyyatı haqqında məlumat Azərbaycan Respublikasının uçot vahidlərinin dövlət reyestrinə daxil edilmək üçün qeydiyyat orqanı tərəfindən on gün müddətində Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə və müəssisənin yerləşdiyi ərazinin dövlət vergi müfəttişliyi orqanına verilir.

Qeydə alınmayan müəssisənin fəaliyyəti qadağandır.

Qeydə alınmayan müəssisənin fəaliyyətindən əldə edilən gəlir qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qərarı ilə alınır və yerli büdcəyə köçürülür.

Müəssisənin dövlət qeydiyyatına alınması üçün təsisçi tərəfindən aşağıda göstərilən sənədlər təqdim edilir:

  1. a)təsisçinin ərizəsi;
  2. b)müəssisənin nizamnaməsi;
  3. v)müəssisənin yaradılması haqqında qərar və ya təsis müqaviləsi;
  4. q)qeydiyyat rüsumunun ödənilməsi haqqında sənəd. Müəssisənin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilməmiş sənədlərin tələb olunması yolverilməzdir.

Müəssisənin dövlət qeydiyyatını həyata keçirən dövlət orqanına bu maddənin beşinci hissəsində göstərilmiş sənədlər təqdim edildikdən ən geci bir ay keçənədək müəssisə dövlət qeydiyyatına alınmalıdır. Qəbul edilmiş qərar haqqında ərizəçiyə beş gün müddətində yazılı məlumat verilir.

Müəssisənin nizamnaməsində dəyişikliklər edildikdə və ya onun təşkilati-hüquqi forması dəyişdirildikdə müəssisə yenidən dövlət qeydiyyatına alınmalıdır.

Müəssisənin dövlət qeydiyyatına alınmasından imtina yalnız aşağıdakı hallarda mümkündür:

  1. a) müəssisənin yaradılmasına dair bu Qanunla müəyyən edilmiş qaydalar pozulduqda;
  2. b) müəssisənin təsis sənədləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadıqda.

Bu maddənin doqquzuncu hissəsində göstərilən hallardan başqa dövlət qeydiyyatından imtina edilməsi qadağandır.

Müəssisə bu maddənin yeddinci hissəsində müəyyən edilmiş müddətdə qeydə alınmadıqda və ya onun dövlət qeydiyyatına alınmasından əsassız imtina edildikdə qanunvericiliklə müəyyən edilmiş qaydada arbitraj məhkəməsinə müraciət edilə bilər.

Müəssisənin dövlət qeydiyyatına görə təsisçidən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan məbləğdə dövlət büdcəsinə köçürülən rüsum tutulur.

Maddə 19. Müəssisənin ləğvi və yenidən təşkil edilməsi

Müəssisənin ləğvi və yenidən təşkil edilməsi (birləşməsi, bölünməsi, ayrılması, çevrilməsi) əmlak mülkiyyətçisinin, müvafiq müəssisələr yaratmağa vəkil edilən orqanın, yaxud arbitraj məhkəməsinin qərarı ilə həyata keçirilir.

Müəssisə habelə aşağıdakı hallarda ləğv olunur:

  1. a)iflas elan olunduqda;
  2. b)qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməməsinə görə müəssisənin fəaliyyəti qadağan olunduqda və qərarla müəyyən edilmiş müddətdə həmin tələblərə riayət olunması təmin edilmədikdə və ya fəaliyyət növü dəyişdirilmədikdə;
  3. v)müəssisə yaratmaq barəsində təsis aktları arbitraj məhkəməsinin qərarı ilə qanunsuz sayıldıqda;
  4. q)Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulan digər hallarda.

Müəssisə Azərbaycan Respublikasının dövlət qeydiyyat reyestrindən çıxarıldığı andan ləğv edilmiş sayılır və ya yenidən təşkil edilmiş sayılır.

Müəssisə yenidən təşkil edildikdə və ya ləğv edildikdə mövcud qanunvericiliyə uyğun olaraq işdən çıxarılan işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsinə təminat verilir.

Bir müəssisənin digəri ilə birləşdiyi hallarda onların hər birinin bütün əmlak hüquqları və öhdəlikləri birləşmə nəticəsində yaranan müəssisəyə keçir.

Müəssisə bölündükdə onun əmlak hüquqları və öhdəlikləri bölüşdürücü akt (balans) üzrə uyğun hissələrdə yaranan yeni müəssisələrə keçir.

Müəssisədən bir, yaxud bir neçə yeni müəssisə ayrıldıqda bölüşdürücü akt (balans) üzrə onların hər birinə, uyğun hissələrdə bölünmüş müəssisənin əmlak hüquqları və öhdəlikləri keçir.

Bir müəssisə başqasına çevrildikdə əvvəlki müəssisənin bütün əmlak hüquqları və öhdəlikləri yeni yaranan müəssisəyə keçir.

Maddə 20. Ləğvetmə komissiyası

Müəssisənin ləğvi mülkiyyətçinin və ya onun vəkil etdiyi orqanın yaratdığı ləğvetmə komissiyası tərəfindən müəssisə iflas elan olunduqda arbitraj məhkəməsinin qərarına əsasən həyata keçirilir. Onların qərarına əsasən ləğvetməni müəssisə özü onun idarə-etmə orqanı şəxsində həyata keçirə bilər.

Ləğvetmə komissiyası yaradıldığı vaxtdan müəssisəni idarə etmək səlahiyyəti ona verilir, müəssisəni idarəetmə orqanları isə ləğvetmə komissiyasının qərarlarını həyata keçirirlər.

Mülkiyyətçi, arbitraj məhkəməsi və ya müəssisə yaratmağa müvəkkil edilən orqan müəssisənin ləğv edilməsi barəsində qərar qəbul etdikdə ləğvetmə qaydasını və müddətini müəyyən edir, habelə müəssisənin ləğv edilməsi vaxtından iki aydan az olmayan kreditorların iddia qaldırması müddətini təyin edir.

Ləğvetmə komissiyası, yaxud müəssisənin ləğvini həyata keçirən digər orqan bu barədə on gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə, Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyinə və qeydiyyat orqanlarına məlumat verir, müəssisənin yerləşdiyi ərazidə onun ləğvi barəsində və kreditorların iddia irəli sürməsi müddəti və qaydası haqqında mətbuatda məlumat dərc etdirir. Bununla yanaşı, ləğvetmə komissiyası (ləğvetməni həyata keçirən orqan) müəssisəyə olan debitor borclarının geri alınması və kreditorların iddialarının aşkar edilməsi məqsədi ilə iş aparmağa borcludur. Yalnız bundan sonra müəssisə müvafiq olaraq dövlət reyestrindən çıxarılır.

Ləğvetmə komissiyası, yaxud müəssisənin ləğvini həyata keçirən orqan ləğv olunan müəssisənin olan əmlakını qiymətləndirir və kreditorlarla haqq-hesab çəkir, ləğvetmə balansını tərtib edib mülkiyyətçiyə, yaxud ləğvetmə komissiyasını təyin etmiş orqana təqdim edir.

Maddə 21. Kreditorların iddialarının ödənilməsi

Ləğv olunan müəssisəyə kreditorların iddiaları həmin müəssisənin əmlakından ödənilir. Bu halda, ilk növbədə əmək haqqı, büdcəyə borclar ödənilir və ləğv edilən müəssisənin istifadəsində olan torpaqların rekultivasiyası ilə əlaqədar xərclər kompensasiya olunur.

İddia irəli sürülməsi üçün müəyyən edilmiş müddətdən sonra aşkar edilən və bildirilən iddialar ilk növbədə verilən və aşkar edilmiş iddialar, habelə müəyyən olunmuş müddətdə irəli sürülən iddialar ödənildikdən sonra müəssisənin yerdə qalan əmlakından ödənilir.

Əmlakın çatışmamasına görə ödənilməyən iddialar ödənilmiş hesab olunur. Ləğvetmə komissiyasının (ləğvetməni həyata keçirən orqanın) qəbul etmədiyi iddialar da kreditorlar tərəfindən iddiaların tam və ya qismən qəbul edilməməsi barəsində məlumat aldıqları vaxtdan bir ay müddətində bu tələblərin ödənilməsi barəsində məhkəməyə, arbitraj məhkəməsinə müraciət edilmədikdə ödənilmiş hesab edilir.

Kreditorların və əmək kollektivi üzvlərinin iddiaları ödənildikdən sonra qalmış əmlakdan mülkiyyətçinin göstərişi ilə istifadə olunur.

Müəssisə yenidən qurularkən onun hüquqları və öhdəlikləri hüquq varislərinə keçir.

 

IV fəsil

DÖVLƏT VƏ MÜƏSSİSƏ

Maddə 22. Müəssisənin hüquq və mənafelərinin təminatı

Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, bütün müəssisələrin hüquq və mənafelərinin müdafiəsi üçün bərabər şəraitin yaradılmasına dövlət tərəfindən təminat verilir.

Təsərrüfat fəaliyyətini və digər növ fəaliyyəti həyata keçirərkən müəssisə öz təşəbbüsü ilə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan hər hansı qərar qəbul etmək hüququna malikdir.

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla, müəssisənin təsərrüfat fəaliyyətinə və digər növ fəaliyyətinə dövlət orqanlarının, ictimai və digər orqanların qarışmasına yol verilmir.

Dövlət və digər orqanlar, yaxud onların vəzifəli şəxsləri tərəfindən verilmiş, nəticə etibarı ilə müəssisənin hüquqlarını pozmuş göstərişlərin yerinə yetirilməsi nəticəsində, habelə həmin orqanların və vəzifəli şəxslərin müəssisə barəsində qanunvericiliklə nəzərdə tutulan vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində müəssisəyə dəymiş zərər bu orqanlar və vəzifəli şəxslər tərəfindən ödənilməlidir. Zərərin ödənilməsi barədə mübahisələrə arbitraj məhkəməsində baxılır.

Maddə 23. Müəssisənin vergi ödəmələri

Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələr müvafiq qanunvericiliyə uyğun olaraq mənfəət vergisi və digər məcburi ödənişlər verir.

 

V fəsil

MÜƏSSİSƏNİN ƏMLAKI

Maddə 24. Müəssisənin əmlakının yaranması və istifadə edilməsi

Müəssisənin əmlakı onun əsas fondlarından və dövriyyə vəsaitlərindən, habelə müəssisənin müstəqil balansında dəyəri göstərilən digər qiymətli əşyalardan ibarətdir.

Azərbaycan Respublikasının qanunvericilik aktlarına, müəssisənin nizamnaməsinə uyğun olaraq onun əmlakı müəssisənin mülkiyyətində, operativ idarəsində və tam təsərrüfatçılıq səlahiyyətində ola bilər.

Müəssisənin əmlakının əmələ gəlməsi mənbələri aşağıdakılardır:

  1. a)təsisçilərin pul və maddi payları;
  2. b)məhsul satışından, görülən işlərdən, göstərilən xidmətlərdən, habelə təsərrüfat fəaliyyətinin digər növlərindən alınan gəlirlər;
  3. v)qiymətli kağızların satışından əldə edilən gəlirlər;
  4. q)bank kreditləri və digər kreditlər;

ğ) kapital qoyuluşu və büdcədən dotasiyalar;

  1. d)hüquqi və fiziki şəxslərin verdikləri xeyriyyə vəsaitləri və ianələri;
  2. e) Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər.

Azərbaycan Respublikasının qanunvericilik aktları və müəssisənin nizamnaməsi ilə digər hal nəzərdə tutulmayıbsa, müəssisə sərəncamında olan binaları, qurğuları, avadanlığı, nəqliyyat vasitələrini, inventarı və digər maddi sərvətləri satmaq və başqa müəssisələrə, təşkilatlara və idarələrə vermək, dəyişdirmək, icarəyə vermək, müvəqqəti istifadə üçün pulsuz vermək, yaxud da borc vermək, habelə onları balansdan silmək hüququna malikdir.

Nizamnamədə başqa hal nəzərdə tutulmayıbsa, müəssisə Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq vətəndaşların mülkiyyətində və ya istifadəsində ola bilməyən istehsal vasitələri və maddi sərvətlər istisna edilməklə, istehsal vasitələrini və maddi sərvətləri vətəndaşlara satmaq, icarəyə vermək hüququna malikdir. Müəssisə maddi sərvətləri vətəndaşlara mülkiyyətçinin və ya onun vəkil etdiyi orqanın icazəsi ilə o hallarda əvəzsiz verə və təqdim edə bilər ki, bu, Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan edilməsin.

Maddə 25. Müəssisənin əmlak hüquqlarına təminat

Dövlət müəssisənin əmlak hüquqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hallar istisna olmaqla, müəssisənin əsas fondları, dövriyyə vəsaitləri və digər əmlakı müsadirə edilə bilməz.

Fiziki və hüquqi şəxslər, dövlət və digər orqanlar və onların vəzifəli şəxsləri tərəfindən müəssisənin əmlak hüquqlarının pozulması nəticəsində ona dəymiş zərərin əvəzi məhkəmənin, yaxud arbitraj məhkəməsinin qərarı ilə müəssisənin xeyrinə alınır.

 

VI fəsil

MÜƏSSİSƏNİN İDARƏ EDİLMƏSİ

 

Maddə 26. Müəssisənin idarə edilməsinin əsasları

Müəssisənin idarə edilməsi bu Qanuna, müəssisələrin ayrı-ayrı təşkilati-hüquqi formalarına dair Azərbaycan Respublikasının digər qanunlarına, habelə müəssisənin nizamnaməsinə uyğun həyata keçirilir.

Müəssisə idarəetmə orqanlarının strukturunu, ştat vahidlərini və onların saxlanılması xərclərini müstəqil müəyyən edir.

Mülkiyyətçi müəssisənin idarəetməsini bilavasitə və ya müvəkkil etdiyi orqanlar vasitəsi ilə həyata keçirir.

Fərdi (ailə) və dövlət müəssisəsi istisna olmaqla, digər müəssisələrin idarə edilməsi payçıların ümumi yığıncağı (konfransı), idarə heyəti, səhmdar cəmiyyətində həm də nizamnamədə nəzərdə tutulduğu halda müşahidə şurası tərəfindən həyata keçirilir.

Fərdi (ailə) və dövlət müəssisəsinin idarə edilməsi bu Qanuna uyğun olaraq təsisçi tərəfindən müstəqil müəyyən olunur.

Maddə 27. Müəssisənin ümumi yığıncağı (konfransı)

Ümumi yığıncaq (konfrans) müəssisənin ali idarəetmə orqanıdır və onun fəaliyyətinə aid bütün məsələlərə baxa bilər.

Aşağıdakı məsələlər ümumi yığıncağın (konfransın) müstəsna səlahiyyətinə aiddir:

  1. a) nizamnamənin təsdiq olunması və onda dəyişikliklər edilməsi;
  2. b) nizamnamə fondunun artırılması və ya azaldılması haqqında qərar qəbul edilməsi;
  3. v) törəmə müəssisələrin, filialların və nümayəndəliklərin yaradılması və fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edilməsi;
  4. q) müşahidə şurasının və idarə heyətinin seçilməsi, onların fəaliyyət müddətinin müəyyən edilməsi, vaxtından əvvəl geri çağırılması və yenidən seçilməsi;

ğ) müəssisənin maliyyə-təftiş komissiyasının seçilməsi;

  1. d) müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə dair illik hesabatların müzakirəsi və təsdiq edilməsi.

Nizamnamədə ümumi yığıncağın (konfransın) müstəsna səlahiyyətinə aid edilən digər məsələlər də nəzərdə tutula bilər.

Maddə 28. Müşahidə şurası

Müəssisənin ümumi yığıncaqları (konfransları) arasındakı dövrdə onun nəzarət orqanı funksiyasını müşahidə şurası həyata keçirir.

Müşahidə şurası azı üç fiziki şəxsdən ibarət olur.

Müşahidə şurasının üzvü müəssisənin payçıları və payçısı olmayan şəxslər seçilə bilərlər.

Müəssisənin idarə heyətinin üzvü müəssisənin müşahidə şurasının üzvü ola bilməz.

Maddə 29. İdarə heyəti

Müəssisənin fəaliyyətinə azı iki fiziki şəxsdən ibarət olan idarə heyəti rəhbərlik edir. İdarə heyətinin üzvü həm müəssisənin payçıları, həm də payçı olmayan şəxslər seçilə bilər.

İdarə heyəti müəssisənin fəaliyyətini təşkil edir, üçüncü şəxslərlə münasibətdə və müvafiq orqanlarda müəssisənin mənafeyini təmsil edir.

İdarə heyətinin üzvü müşahidə şurasının üzvü və ya üzvü vəzifəsini icra edən şəxs ola bilməz.

İdarə heyəti müəssisənin icra aparatını formalaşdırır.

Maddə 30. Müəssisənin maliyyə-təftiş komissiyası

Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti və onun təftişini həyata keçirmək məqsədi ilə maliyyə-təftiş komissiyası yaradılır.

Maliyyə-təftiş komissiyasının üzvü müəssisənin idarə heyətinin və ya müşahidə şurasının üzvü ola bilməz.

Maliyyə-təftiş komissiyası müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin təftişini aşağıdakı hallarda həyata keçirir:

  1. a) təsərrüfat ili başa çatdıqda;
  2. b) ümumi yığıncağın tələbi ilə;
  3. v) müşahidə şurası və idarə heyəti üzvlərinin tələbi ilə;
  4. q) nizamnamədə nəzərdə tutulan digər hallarda.

Maddə 31. Müəssisə rəhbəri

Müəssisənin rəhbəri işə muzdla götürüldükdə, təyin edildikdə, seçildikdə onunla kontrakt (müqavilə, saziş) bağlanılır; həmin sənəddə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəssisə rəhbərinin hüquqları, vəzifələri və məsuliyyəti, onun maddi təminatı və vəzifədən azad edilməsinin şərtləri müəyyən olunur.

Müəssisənin rəhbəri müəssisə adından etibarnaməsiz fəaliyyət göstərir, onun mənafelərini bütün müəssisələrdə, idarələrdə və təşkilatlarda təmsil edir, müəssisənin əmlakı barəsində sərəncam verir, müqavilələr, o cümlədən, əmək müqavilələri bağlayır, etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, vəsaitləri yönəltmək hüququndan istifadə edir, idarənin icra aparatının ştatlarını təsdiq edir, müəssisənin bütün işçilərinə şamil edilən əmr və göstərişlər verir.

Müəssisənin rəhbəri kontrakt (müqavilə, saziş) müddəti başa çatanadək kontraktda (müqavilə, saziş), yaxud mövcud qanunvericilikdə nəzərdə tutulan əsaslarla vəzifəsindən azad oluna bilər.

 

VII fəsil

MÜƏSSİSƏNİN TƏSƏRRÜFAT, İQTİSADİ VƏ SOSİAL FƏALİYYƏTİ

 

Maddə 32. Müəssisənin fəaliyyətinin planlaşdırılması

Müəssisə istehsal etdiyi məhsula, gördüyü işlərə, göstərilən xidmətlərə tələbatı, habelə istehsalat və sosial inkişafının təmin edilməsi, onun işçilərinin şəxsi gəlirlərinin yüksəldilməsi zərurətini nəzərə alaraq öz fəaliyyətini müstəqil planlaşdırır və inkişaf perspektivlərini müəyyən edir.

Müəssisə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada müqavilə əsasında dövlət ehtiyacları üçün işlər görə və tədarük edə bilər.

Müəssisənin məhsuluna, işlərinə və xidmətlərinə olan ictimai tələbatın ödənilməsi dövlət tərəfindən iqtisadi üsullarla tənzimlənir.

Planların əsasını istehsal olunan məhsulun, görülən işlərin, göstərilən xidmətlərin istehlakçıları (alıcıları) və maddi-texniki ehtiyatların tədarükçüləri ilə bağlanmış müqavilələr təşkil edir.

Maddə 33. Müəssisənin mənfəəti

Müəssisələrdə təsərrüfat fəaliyyətinə aid maliyyə nəticələrinin başlıca ümumiləşdirilmiş göstəricisi mənfəətdir.

Büdcəyə vergiləri və digər ödənişləri verdikdən sonra xalis mənfəət müəssisənin tam sərəncamına daxil olur. Müəssisənin nizamnaməsində digər qayda nəzərdə tutulmayıbsa, o, xalis mənfəətdən müstəqil istifadə edir.

Maddə 34. Qiymətlər və qiymətqoyma qaydası

Müəssisə öz məhsulunu, işlərini, xidmətlərini, istehsalat tullantılarını müstəqil, yaxud müqavilə ilə müəyyən etdiyi qiymətlər və tariflər üzrə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallarda isə dövlət qiymətləri və tarifləri üzrə satır.

Müəssisə dövlət tərəfindən qoyulan qiymətləri və onların hədlərini, məhsula, işlərə, xidmətlərə müəyyən edilən tarifləri pozduqda artıq qazanılan məbləğ dövlət büdcəsinin hesabına keçirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və məbləğdə müəssisə cərimə edilir.

Maddə 35. Maliyyə və kredit münasibətləri

Müəssisənin maliyyə ehtiyatlarının formalaşması mənbələrini mənfəət, amortizasiya ayırmaları, qiymətli kağızların satışından əldə edilən vəsait, fiziki və hüquqi şəxslərin payları və digər daxilolmalar təşkil edir.

Müəssisənin bütün haqq-hesabları, o cümlədən büdcəyə ödənişləri və əmək haqqının verilməsi təqvim növbəliliyi ilə, hesablaşma sənədləri (ödəniş müddətləri çatdıqca) daxil olduqca icra edilir. Müəssisənin öz öhdəlikləri üzrə digər müəssisələrlə hesablaşmaları, bir qayda olaraq, bank idarələri vasitəsilə nağdsız qaydada aparılır. Müəssisələrlə və vətəndaşlarla nağd pulla hesablaşmalar Azərbaycan Respublikasının Milli Bankı tərəfindən təsdiq edilmiş hesablaşma və kassa əməliyyatları aparılması qaydalarına müvafiq aparılır.

Müəssisə pul vəsaitlərini saxlamaq və bütün növ hesablaşmaları, kredit və kassa əməliyyatlarını həyata keçirmək üçün istənilən bankda hesablaşma hesabı və digər hesablar aça bilər.

Kredit müqavilələrinin və hesablaşma intizamının gözlənilməsi üçün müəssisə qanunvericiliklə müəyyən edilmiş qaydada tam məsuliyyət daşıyır.

Maddə 36. Müəssisənin xarici iqtisadi fəaliyyəti

Müəssisə xarici iqtisadi fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müstəqil aparmaq hüququna malikdir.

Maddə 37. Əmək münasibətləri və sosial münasibətlər

Müəssisədə əmək münasibətləri və sosial münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Maddə. 38. Müəssisədə uçot və hesabat

Müəssisə öz işinin nəticələrinin operativ və mühasibat uçotunu, statistika hesabatını aparır.

Dövlət statistika hesabatının formaları dövlət statistika orqanları tərəfindən müəyyən olunur, buraya yalnız faktik məlumatlar, habelə ünvanlar və məlumatların göndərilməsi müddətləri daxil edilir. Dövlət statistika hesabatı ilə nəzərdə tutulmayan məlumatlar müəssisə tərəfindən müqavilə əsasında, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən hallarda və qaydada verilə bilər.

Müəssisənin vəzifəli şəxsləri dövlət hesabatını təhrif etməyə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 39. Müəssisənin kommersiya sirri

Müəssisənin kommersiya sirri dövlət sirri olmayan, müəssisənin istehsalatı, texnoloji informasiyası, idarəetməsi, maliyyə və digər növ fəaliyyəti ilə bağlı olan və yayılması (verilməsi, itirilməsi) nəticəsində müəssisəyə zərər vura bilən məlumatdır.

Kommersiya sirrini təşkil edən məlumatların tərkibi və həcmi, onların mühafizəsi qaydası müəssisənin rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə müəyyən olunur.

Müəssisənin kommersiya sirrini təşkil edən məlumatların yayılmasına və onların mühafizə qaydasının pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir.

 

VIII fəsil

MÜƏSSİSƏNİN MƏSULİYYƏTİ VƏ ONUN FƏALİYYƏTİNƏ NƏZARƏT

 

Maddə 40. Müəssisənin məsuliyyəti

Müqavilə öhdəliklərini, kredit, hesabat və vergi intizamını, məhsulun keyfiyyətinə verilən tələbləri, təsərrüfat fəaliyyətinin digər qaydalarını pozduğuna görə müəssisə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada əmlak məsuliyyəti daşıyır.

Maddə 41. Müəssisənin fəaliyyətinə nəzarət

Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin kompleks təftişi mülkiyyətçinin təşəbbüsü ilə, ildə bir dəfədən az olmamaqla aparılır.

Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəssisənin fəaliyyətinin müəyyən hissələrinin yoxlanılmasının həvalə olunduğu vergi orqanları və digər dövlət orqanları lazım gəldikdə və öz səlahiyyətləri hədlərində yoxlamalar keçirə bilərlər. Müəssisənin bu orqanların öz səlahiyyətinə daxil olmayan məsələlər üzrə tələblərini yerinə yetirməmək, onları nəzarətə dəxli olmayan materiallarla tanış etməmək ixtiyarı vardır.

Maddə 42. Müəssisə haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Müəssisə haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 1 iyul 1994-cü il.

№ 847.

Son xəbərlər
Oxşar xəbərlər