Dövlət ümumi təhsil müəssisələrinin direktor, direktor müavinləri və sertifikatlaşdırılmadan keçən təhsilverənlərin aylıq vəzifə maaşlarına əlavələr üçün növbəti ilin dövlət büdcəsinin layihəsində 54 milyon manat vəsait proqnozlaşdırılıb.
Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.
Rəhbər-inzibati, pedaqoji və tədris yardımçı heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış ümumtəhsil və peşə təhsili müəssisələrinin işçilərinin əməkhaqqı sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Bu məqsəd üçün növbəti ilin dövlət büdcəsinin layihəsində 168,6 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da təqribən 160,8 min nəfərdən çox təhsil işçisini əhatə edəcək.
Bundan başqa, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 18,8 min nəfərədək gənc mütəxəssisin kənd rayonlarındakı ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə birdəfəlik xərcin, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 2023-cü ilin dövlət büdcəsindən 31,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.