“Yaxın günlərdə bəzi sahələrdə maaş artımı olacaq. Lakin elə etmək lazımdır ki, inflyasiya baş verməsin”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov məlumat verib. O, bildirib ki, elə sahə var ki, orada maaş orta aylıq əməkhaqqından aşağıdır. Odur ki, büdcədə həmin sahədə işçilərin maaşının artırılması nəzərdə tutulub. “Təbii ki, burada söhbət həkim və müəllimlərin əməkhaqqından gedir. Çünki onların maaşı orta aylıq əməkhaqqından aşağı olduğundan bu məsələyə baxmağa ehtiyac var. Büdcə müzakirələri zamanı müəllim və həkimlərin maaşı məsələsinə toxunulub. Təhsil naziri də əlavə məlumat verdi ki, Azərbaycan hökuməti bunun üzərində iş aparır”. Deputatın sözlərinə görə, müəllilərin maaşları artırılmamışdan öncə onların ixtisasları yoxlanılır.
Millət vəkili qeyd edib ki, müəllimlərin akreditasiyası artıq başa çatıb. Yəqin ki, bu yaxınlarda stimulverici maaş artımı olacaq: “Müəllimlərin maaşı ilə yanaşı həkimlərin maaşlarının artırılması üçün dövlət büdcəsində müəyyən vəsait nəzərdə tutulub. Lakin bunun nə zaman verəcəyi bəlli deyil”. Millət vəkilinin sözlərinə görə, əməkhaqqının nə qədər artırılacağı isə dövlət büdcəsinin vəziyyətindən və digər problemlərdən asılı olacaq: “Maaş artımını elə etmək lazımdır ki, inflyasiya yaratmasın. Çünki maaş artımı digər problemlər də yarada bilər. Hazırda maaş artımının nəzərdə tutulduğu sahələr müəllim və həkim ixtisaslarıdır”. Deputat sonda onu da bildirdi ki, maaşların artımı dövlət başçısının səlahiyyətində olan məsələdir: “Biz büdcəni təsdiq etmişik. Büdcədə həmin məbləğlər salınıb. Ölkə başçısı nə zaman məsləhət bilsə o zaman qərar veriləcək”-deyəVahid Əhmədov bildirib.
AzVision.az