5 C
Baku
Saturday, December 14, 2024

Müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatlar ixtisar edildiyi zaman əvvəlki stajı nəzərə alınırmı?

Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri də aşağıdakılardı:

  1. müəssisə ləğv edildikdə
  2. işçilərin sayı və ya ştatlar ixtisar edildiyi zaman.

Əmək Məcəlləsinin 77 maddəsində qeyd edilir ki, İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;

bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;

beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;

on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

  1. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

 bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

  1. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

Maddə 177. Orta əmək haqqı və onun hesablanması qaydası

 

  1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.
  2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
  3. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.
  4. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır.
  5. Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir.
  6. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bunu misalla izah etsək:

Misal -1. İşçi 2018-ci ilin aprel ayının 1-dən mühasib kimi Sabirabad MMC-də fəaliyyət göstərir və 800 manat əmək haqqı alır. 2019-cu ilin 1-dən müəssisə ləğv edildi. İşçi Sabirabad MMC-dən əvvəl Suqovuşan MMC-də 10 il işləmişdir. İşçi martın 18-də onun bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi bağlı xəbərdarlıq edilir. 01 aprel tarixində müqaviləyə xitam veriləcək. 77-ci maddənin 2-ci hissəsinə əsasən ona imkan yaradılır ki, 18-24 kimi 1 gün, 25-31 kimi 1 gün  iş axtarmaq üçün icazə verilir. Ümumilikdə 2 gün işdən icazə verilir ki, özünə iş axtarsın.

Bu Məcəllənin 77 madəsinə əsasən bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında işdən çıxma müavinatı ödənilir. Orta əmək haqqının hesablanması qaydası Əmək Məcəlləsinin 177 maddəsinə öz əksini tapıb. İşçinin əmək haqqısı 800 manatdır. 2 ayda 1600 manat əmək haqqı alıb. 21 iş günü yanvar ayında, 20 iş günü fevral ayındadır. Ümumilikdə iş günlərinin sayı 41 iş günü edir. 1600/41 = 39,02 manat edir. İşdən azad edildiyi tarix 01 apreldir. Mart ayında də 18 iş günü var. 39.02*18 = 702,36 manat şəxsə vəsait ödəniləcək. Bu məbləğdən vergi və dsmf tutulmur (102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar;). Yəni işçinin təmiz əlinə alacaq məbləğdir. İşçinin Suqovuşan MMC-dəki 10 il stajı burada nəzərə alınmır. Yalnız Sabirabad MMC-dəki işlədiyi müddət nəzərə alınmalıdır. Əgər şəxsə 2 həftə əvvəl xəbərdarlıq edilməyibsə o halda əlavə olaraq 702,36*0.5 = 351,18 manat vəsait ödənilməlidir. Nəticədə işçiyə 702,36 + 351,18 = 1053,54 manat müavinat verilir. Dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli qədər müavinat əlavə olunur.

Misal -2. Sabirabad MMC-də işləyən mühəndisin ştatı ləğv edilir və o ixtitasara düşür. Onun MMC-də işlədiyi müddət 11 ildir. Uğur-Onur MTK-da 15 il işləyib. Belə olan halda yenədə onun Sabirabad MMC-də işlədiyi 11 il əsas götürüləcək. Əmək haqqısı 800 manatdır. İşçiyə xəbərdarlıq edilmir. Üstündün 9 həftə keçir, mart ayının 29-u ləğv onun ştatı ləğv olunur. Belə olan halda əməliyyat yixarıdakı kimi olacaq. 2 ayda 1600 manat əmək haqqı alıb. 21 iş günü yanvar ayında, 20 iş günü fevral ayındadır. Ümumilikdə iş günlərinin sayı 41 iş günü edir. 1600/41 = 39,02 manat edir. İşdən azad edildiyi tarix 29 martdır. Mart ayında də 18 iş günü olmağına baxmayaraq işçi 29-da işdən azad olunduğu üçün iş günü 17 olacaq. 39.02*17 = 663,34 *2 (iki misli) = 1326,68 manat işçiyə vəsait ödəniləcək. Amma xəbərdarlıq olunmadığı üçün ümumi 1326,68 * 2 = 2653,36 manat müavinat ödəniləcək.  Yuxarıdakı misalda qeyd olunduğu kimi müavinatdan vergi və dsmf ödənişləri tutulmur.

P.S. İşəgötürən tərəfindən işdən çıxarıldığı gündən yeni işə düzələnədək olan 2-ci və 3-cü aylar üzrə işçiyə Məşğulluq İdarəsi tərəfindən verilmiş arayışa əsasən ödənilən müavinətlər ləğv olunmuşdur.

Rauf Qarayev
İqtisadçı – ekspert

Son xəbərlər
Digər xəbərlər