10 C
Baku
Saturday, November 23, 2024

Müəssisənin natura şəklində etdiyi yardım vergi öhdəliyi yaradırmı?

Müəssisə Təhsil Nazirliyinin tabeliyindəki xüsusi internat evlərinə yardım göstərmək istəyir. Yardım pul şəklində köçümə yolu ilə deyil, natura şəklində ediləcəkdir. Bu halda natura şəklində müvafiq internat evlərinə göstərilən yardım üzrə hüquqi şəxsə Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan azadolma tətbiq edilirmi? Yardım məqsədilə natura şəklində internat evlərinə verilən mallara görə elektron qaimə-faktura təqdim edilməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə mənfəət vergisindən azad edilmişdir. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nın 7.2-ci bəndinə əsasən bu Meyarlarda nəzərdə tutulan şəxslərə ödəniş edilərkən, ödənişin təyinatı ödəniş sənədində düzgün, tam və aydın şəkildə qeyd olunmalıdır və ödəniş nağdsız qaydada vəsaiti köçürən şəxsin bank hesabından vəsaiti alan şəxsin bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Təyinatı qeyd olunmayan (düzgün və ya tam qeyd olunmayan) ödənişlər, habelə nağd qaydada ödənilən məbləğlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan vergidən azadolmaya əsas vermir.

Buna əsasən hüquqi şəxs tərəfindən internat məktəblərinə yardım natura formasında göstərildiyindən Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi ilə müəyyən edilmiş vergi güzəşti müəssisəyə tətbiq edilmir. Bununla yanaşı, vergi qanunvericiliyinin müddəalarına əsasən, sorğuda qeyd olunan halda hüquqi şəxs tərəfindən internat məktəblərinə natura formasında yardımın göstərilməsi (uşaq yeməklərinin əvəzsiz qaydada verilməsi) malların təqdim edilməsi hesab edilir və həmin mallara görə vergi ödəyicisi olan qarşı tərəfə elektron qaimə-faktura təqdim edilməlidir. Təqdim edilən malların elektron qaimə-fakturada yardım kimi verilməsinin qeyd olunmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Əlavə olaraq bildirilib ki, hüquqi şəxs tərəfindən natura formasında yardımın verilməsi (uşaq yeməklərinin əvəzsiz təqdim edilməsi) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada malların təqdim edilməsi hesab edilir və ƏDV-nin və mənfəət vergisinin vergitutma obyektini yaradır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 71-1-ci, 106-cı, 142-ci, 159-cu maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı.

Son xəbərlər
Digər xəbərlər