RİSKLƏRİN İDARƏ EDİLMƏSİ çətin, ilk baxışda maraqsız və quru, bəzilərinin fikrincə əhəmiyyəti yüksək olmayan sahədir. Bu yazıda risklərin idarə edilməsi istiqamətində görülmüş müəyyən işlər, tədbirlər, Strateji Yol Xəritələrində bu sahənin tətbiqinin genişləndirilməsi hədəfləri və sair haqqında danışmayacağam.
Bu yazıda risklərin idarə olunmasının əhəmiyyəti, bu sahədə mövcud olan problemlər, yanlış yanaşma tərzlərinin formalaşma səbəbləri, bu sahəni təkmilləşdirmək üçün keçilməsi vacib olan mərhələ və az da olsa düşündüyüm risk konsepsiyasında əks olunan bəzi məsələlərə geniş oxucu seqmentini də nəzərə alaraq peşəkar texniki məsələlər, terminologiya, xarici terminlər və sair kimi çətinlik yarada biləcək amillərdən minimum istifadə etməyə çalışaraq toxunmağa çalışacacağam.
İstər dünya iqtisadiyyatı, istərsə də ayrı-ayrı ölkələrin iqtisadiyyatlarında baş verən böhranlar, resessiyalar və sair mənfi hadisələrin baş vermə səbəbləri ya risklərin düzgün hesablanmaması, ya da həmin risklərlə bağlı xəbərdarlıqlara məhəl qoyulmamasıdır. Çox qəribədir ki, əksər böhranlardan öncə həmin böhranların yaxınlaşdığı ilə bağlı xəbərdarlıq edən şəxslər olublar. Sadəcə olaraq, insanlar neqativdən daha çox pozitiv eşitmək istədiklərindən belə xəbərdarlıqları dinləmək belə istəməyiblər. Risklərin idarə edilməsi sahəsi də belədir. Əslində bu sahə hər bir məsələnin neqativ, riskli tərəfini aşkara çıxararaq xəbərdarlıq etmək, həmin riskin təsirini azaltmaq, yumşaltmaq üçün variantların təklifi və hazırlanmasıdır. Risk mütəxəssisi həkim kimidir. Xəstəlikləri müəyyən edər, müalicə yollarını göstərər. Xəstə həmin müalicəni qəbul edirsə, müsbət nəticələr, qəbul etməyib “mənim heç bir xəstəliyim yoxdur” deyirsə təbii ki, mənfi nəticələr olacaq. Söhbət peşəkar həkim və peşəkar risk mütəxəssisindən gedir. Bir də, metastaz vermiş sağalmaz xəstəliklər istisnadır. Bəzi mərhələlərdə hətta müalicəyə cəhd etməyin mənası olmur. Bütün bu qeyd etdiklərim, iqtisadi münasibətlərin getdikcə dərinləşdiyi, həm də mürəkkəbləşdiyi bir dönəmdə hər bir müəssisədə tipindən, növündən, sektorundan (dövlət və ya özəl) asılı olmayaraq risk idarəçiliyinin, daha doğrusu risk əsaslı idarə etmənin əhəmiyyətini bir daha aktuallaşdırır.
“Ən böyük risk hansıdır?”
Müxtəlif zamanlarda “ən böyük risk hansıdır?” sualı ilə qarşılaşdıqda zamandan, ildən asılı olaraq ən kəskin risk(lər) qeyd edilir. Bəzi illərdə bu risk devalvasiya riski olur, bəzən müharibə, bəzən maliyyə, bəzən kredit, bəzən ciddi böhran. “Hazırda ən böyük risk hansıdır?” sualına cavabım isə “riskləri ölçüb-biçmədən, nəticələrini ciddi təhlil etmədən hər hansı hərəkət etmək ən böyük riskdir” olardı. Dünyada iqtisadi-siyasi konyuktura, iqtisadi münasibətlər o qədər incələşdi ki, atılan ən kiçik addımlar, qərarlar ciddi təhlil, ölçmə tələb etməyə başladı. Dünya dəyişir, tələblər dəyişir. Sürətlə dəyişən dünyanın və tələblərin fonunda riskə olan münasibətin də dəyişəcəyinə nəinki ümid edir, hətta ürəkdən inanıram. İstər maliyyə sahəsi olsun, istər qeyri-maliyyə, istər dövlət sektoru olsun, istər özəl sektor.. hər birinin risklərin idarə edilməsinə daha peşəkar, müasir dünyanın tələblərini və mövcud iqtisadi şəraiti nəzərə alaraq peşəkar yanaşma sərgiləməsi günün tələbidir. Çünki, dünyadakı mövcud şərait qazanmaqdan daha çox itirməməyi aktual məsələyə çevirir. Hər bir məsələyə müxtəlif prizmalardan baxış sərgiləyən və düzgün ölçmə mexanizmləri tətbiq edən, fəaliyyətində iqtisadiyyatın çox incə və ciddi bir sahə olduğunu qəbul edən analitik mərkəzlər, hər bir müəssisədə risk idarəçiliyi çox vacib atributlardan birinə çevrilib.
Risklərin idarə edilməsi (növbəti mərhələsi də risk əsaslı idarə etmə) bizə nə verir?
- mövcud vəziyyətə müxtəlif prizmalardan, o cümlədən risk yönündən baxış;
- hesabatların daha fərqli təhlili, daha fərqli yanaşma. Rəqəmlərdə gizlənən risklər və hədələrin ortaya çıxarılması;
- analitik təhlil nəticəsində daha düzgün diaqnoz və həll yolları;
- real vəziyyətim necədir və hara gedirəm sualına daha obyektiv cavab;
- əslində hansı müştəri seqmenti, məhsul tipi, fəaliyyət istiqaməti və sair (hansı tip, hansı sahədə olan və sair dəyişənlər üçün müxtəlif kateqoriyalarda tətbiq oluna bilər) mənim üçün daha rentabelli və perspektivlidir sualına (statistik modellərlə ölçmələrin tətbiqi ilə) daha aydın cavab;
- artan səhvlərin əsl səbəbləri nədir? (r və r² korelyasiya əmsallarını əhatə edən reqressiya modelinin tətbiqi ilə bu məsələnin praktiki həlli özünü doğruldur);
- atacağım hansı addımlar, tətbiq edəcəyim hansı tarif mənə hansı nəticə və yaranacaq riskləri yumşaltmaq şərtilə hansı mənfəəti verəcək? (daxili statistik baza nisbətən daha obyektiv olduğu üçün düzgün yanaşma və xətti reqresiya modeli bu məsələnin həllində kömək edir);
- atılacaq addım hansı senarilər, nəticələr doğura bilər (hadisənin tipi və yanaşmalardan asılı olaraq şok və senari stres testlərinin tətbiqi bu sahədə öncədən nəzərə alınmayan bir çox məqamları üzə çıxarır) və sair.
Bu siyahını çox uzatmaq olar. Bunlar sadəcə olaraq bir neçə nümunədir. İndi isə risklərin idarə edilməsi sahəsində buraxılan tipik səhvlərə nəzər yetirək:
- risklərin idarə olunması ilə hər kəs məşğul ola bilər (əgər bu hər kəsdə yüksək səviyyəli ingilis dili, statistik və analitik təhlil (tamamilə fərqli təhlil növləridir), həmin sahədə ciddi (formal, illəri yola verən deyil) təcrübəsi olan, iqtisadiyyatı bir neçə terminlə deyil, həqiqətən müxtəlif sahələr və istiqamətləri haqqında həmin sahələri təhlil edəcək səviyyədə bilən şəxs olmalıdır, hər kəs deyil);
- riskə formal yanaşma (risk nə deyir desin, mən öz işimi gözəl bilirəm prinsipi);
- riskin özündə bir çox hallarda məsələlərə formal yanaşma (nəinki hər bir ölkənin iqtisadiyatının, hər bir sektorun, hətta eyni sektor içində olan 2 müəssisənin də iş tərzinin, spesifik xüsusiyyətlərin nəzərə alınması vacibdir; yeri gəldi gəlmədi, uyğun oldu olmadı, məlumatlar bazasını, statistik rəqəmlərin doğruluğunu, modelin tətbiq olunduğu təhlil subyektinə uyğunluğunu yoxlamadan, back-testlər aparmadan müxtəlif statistik modellərin təhlili);
Risklərin idarə edilməsi mexanizmi və prosedurlarının daha effektiv tətbiqinə mane olan məsələlərdən biri də qlobal səviyyədə bu sahəyə qazanc mənbəyi kimi baxılması oldu. Çoxsaylı, bir-birini təkrarlayan, praktik məsələlərdən daha çox nəzəri məsələləri əhatə edən bahalı konfranslar, uyğunluğu, tələbin həcm və dərəcəsini nəzərə almadan və sonradan praktik olaraq tətbiq olunmayan müxtəlif proqramların geniş reklam və satışları, risklərin idarə edilməsinin iqtisadi inkişaf səviyyəsi, fərqli xüsusiyyət və həcmə malik ölkələrdəki tətbiqlərin sadəcə nəzəri tətbiqinə çalışmaq (sonradan praktiki tətbiqin və effektivliyin mümkün olmaması təbii idi) və digər amillər, ən əsası isə statistik rəqəmlərdə kənarlaşma dərəcələrinin nəzərə alınmadan stres test, statistik model və analitik təhlillərdə istifadəsi bu sahənin əhəmiyyətini gözdən salan amillərə çevirdi.
Risklərin idarə edilməsi qıcıq yaradan (çünki hər şeyə bir qulp qoyan, olmaz deyən sahə kimi görünür), maneçilik törədən (geniş yayılmış fikirlərdən biri budur ki, risk qazanmağa imkan vermir), hər kəs risklə məşğul ola bilər (bu sahəyə ya formal münasibət var, ya da mane olmasın deyə nisbətən zəif kadra üstünlük verilir) kimi fikirlərin üstünlük təşkil etdiyi sahə kimi deyil, zərərin, böhranın təsirlərini yumşaldan, onları öncədən proqnozlaşdıran, qazanmağa deyil, zərər etməyə, itirməyə mane olan sahə kimi görünəcək. Əslində risk insanları zərərdən qoruyur. Gəlirləri ölçmək daha asandır, gözlə görünür. Lakin, riskin sayəsində yol verilməyən (qarşısı alınan) zərərlər ölçülmür, gözə görünmür.
Qeyd etdiyim bütün bu məsələlərin həllindən sonra risk əsaslı idarə etmə formalaşacaq. Bu isə risklərin idarə edilməsində həm Bazel 3 tələblərinin daha geniş tətbiqinə, həm də daha effektiv və qarşılıqlı mənfəət yönümlü prinsiplərin tətbiqinə imkan verəcək.
Bəs risklərin idarə edilməsi ilə risk əsaslı idarə etmə arasında nə fərqlər var? Bu yaxınlarda yazdığım fikri qısaca qeyd etmək istəyirəm. Əgər sürücü dinləmirsə və yanında oturan şəxsin təsir mexanizmi yoxdursa, yüksək sürət və riskli yolda idarə olunan maşında həmin şəxsin sürücüyə yavaş, ehtiyatlı sürün, sürəti azaldın deməsi kifayət etmir. Bu daha çox xəbərdarlıq prinsipləri əsasında qurulan risk idarəçiliyidir. Əgər həmin şəxsin ayağının altında heç olmasa paralel əyləc varsa, o halda həmin şəxs riskli anlarda həmin əyləcdən istifadə edərək qəzanın qarşısını ala bilər. Bu risk əsaslı idarəetmədir.
Deməli, risklərin idarə edilməsində mövcud olan məsələlərin həlli kifayət deyil, risklərin idarə edilməsinin müəssisələrin idarə olunmasında rolu və təsir mexanizmlərinin də formalaşdırılması həlledici amillərdən biridir.
— Müəllif —
Elman Sadıqov
iqtisadçı-ekspert