9 C
Baku
Tuesday, November 5, 2024

Müasir təqvimin yaradılması tarixi

“Təqvim” sözü “kaleo” və “kalendarium” latın sözlərindən əmələ gəlmişdir və elan və borc kitabları mənasını verirdi. Qədim Romada vergilərin ödənilməsi üçün hər ayın ilk günü təyin edilmişdi. Roma təqvimi bizim eradan əvvəl 700-cü ildə qəbul edilmişdi və onda 10 ay mövcud idi.

Bu təqvimdə ilk ay olan mart ayı müharibə tanrısı olan Mars-ın şərəfinə adlandırılmışdı. İkinci ay “aprikus”, yaxud “isidən günəş”, üçüncü ay yer ilahəsi Mayın şərəfinə, dördüncü ay isə Yupiterin həyat yoldaşı Yunonun şərəfinə belə adlandırılmışdı. Beşdən ona qədər olan aylar yalnızca latın rəqəmləri ilə adlandırılmışdı. Bu təqvimdə 304 gün var idi. Eramızdan əvvəl 650-ci ildə bu təqvimə 2 ay da əlavə edilir. Bu zaman 11-ci ay (yanvar) Yanus, 12-ci ay isə februaris adını alır.

rqwer

Təqvimdə yeni islahatlar eramızdan əvvəl 46-cı ildə Yuli Sezarın əmri ilə İskəndəriyyə astronomları tərəfindən həyata keçirildi. Bu təqvim yulian təqvimi adlanırdı. Günəş ilinə əsaslanan bu təqvimdə 365,25 sutka var idi. Lakin ildə günlərin sayı tam olmalı olduğundan şərti olaraq belə hesab etdilər ki, 3 il 365 sutkaya, dördüncü il isə 366 sutkaya sahib olacaq. Bu artıq günü 24 və 25 fevral arasında yerləşdirdilər.

366 sutkaya sahib olan ili “annus bissekstus” adlandırdılar. Yeni ilin başlanğıcı əvvəllər olduğu kimi 1 martda deyil, 1 yanvarda idi. Tək aylar 31, cüt aylar isə 30 gündən ibarət idi. Sadə ildə fevral üçün 29 gün təyin edildi və beləliklə, fevral ilin ən qısa ayı oldu. Bu təqvimdən yarım minillik boyu istifadə edilib. XVI əsrin ikinci yarısında səhv artıq 10 günə çatmışdı (yaz gecə gündüz bərabərləşməsi geri çəkilmişdi).

1582-ci ildə Roma katolik kilsəsinin rəhbəri papa III Qriqori yeni təqvim islahatları həyata keçirdi. O təqvimdəki səhvi aradan qaldırmaq məqsədilə 1582-ci ilin 5 oktyabrını 15 oktyabr elan etdi. İslahatlardan sonra yeni təqvim qriqorian təqvimi, yaxud “yeni tərz” adlandırıldı. Yulian təqvimini isə “köhnə tərz” adlandırmağa başladılar.

pencil-calendar-2013

Sutkaları, ayları və illəri uyğunlaşdırmaq cəhdləri müxtəlif dövrlərdə üç növ təqvimin yaradılmasına gətirib çıxarmışdı. Günəş təqvimi günəşin hərəkəti əsasında yaradılmışdı. Bu təqvimdə sutka və illəri uyğunlaşdırmaq istəyirdilər. Ayın hərəkətinə görə tərtib edilmiş ay təqvimində isə sutkaları və ayları uyğunlaşdırmaq istəyirdilər.

Müasir dövrümüzdə demək olar ki, dünyanın bütün ölkələri günəş təqvimindən istifadə edir. Ay təqvimindən isə İslam dininə etiqad edən bəzi şərq ölkələrində istifadə edilir. Ay-günəş təqvimi isə yəhudi dininə mənsub olan insanlar tərəfindən istifadə edilir.

Son xəbərlər
Digər xəbərlər