Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad olunur.
Bununla bağlı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
“Gömrük tarifi haqqında” qanuna dəyişikliklə müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialın və xammalın idxalı gömrük rüsumundan azad olunacaq.
Bundan başqa, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklə isə müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı, habelə həmin şəxslər tərəfindən istehsal edilmiş müdafiə təyinatlı məmulatların satışı, təmiri və onlara texniki xidmət göstərilməsi vergidən azad ediləcək.
Müzakirələrdən sonra dəyişiklik layihələri səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.