16 C
Baku
Friday, May 3, 2024

Müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsinə keçə bilərmi?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndində göstərilib ki, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Məcəllənin 45-ci maddəsinin 5-ci bəndinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Qanunvericiliyin bu tələbləri aşağıdakı kimi başa düşülməlidir:

  • əmək müqaviləsi həm müddətli, həm də müddətsiz bağlanıla bilər;
  • işçinin bir işəgötürəndə 5 il fasiləsiz müddətli əmək müqaviləsi davam edərsə, onda bu əmək müqaviləsi müddətsiz hesab edilir;
  • əgər arada hər hansı bir fasilə olarsa, müddət məsələsi yenilənir və əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün müddətsiz 5 il yenidən davam etməlidir.

Bəs Əmək Məcəlləsinin 45-ci maddəsi ilə müddətsiz hesab edilmiş müqaviləni yenidən müddətli hesab etmək olarmı?

Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin maddənin 2-ci bəndində isə göstərilib ki, əmək müqaviləsində əmək müqaviləsinin müddəti mütləq göstərilməlidir.

Əmək məcəlləsinin 43-cü maddəsinə görə, əmək müqaviləsinin məzmununda məcburi qeyd edilən şərtlərindən biri müqavilənin müddətidir. Bu şərtləri hər iki tərəf qarşılıqlı razılaşdırır. Qarşılıqlı razılaşdırılmamış şərtin hüquqi qüvvəsi olmur. Bununla yanaşı, Məcəllənin 45-ci maddəsinə görə, 5 il müddətinə fasiləsiz davam edən əmək müqaviləsi də müddətsiz hesab edilir. Yəni bu şərt işəgötürən üçün məcburi tələb kimi qoyulub.

Bundan əlavə, Əmək Məcəllənin heç bir maddəsi 5 ildən sonra müddətsiz hesab edilən müqavilənin işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasında yenidən müddətli bağlamasını qadağan etmir. Müqavilənin müddətli və ya müddətsiz olması tərəflərin razılığı ilə rəsmiləşdirilir. Odur ki, müddətli bağlanmış və 5 il fasiləsiz davam edən əmək müqaviləsinin yenidən müddətli davam etməsində qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Sadəcə, buna həm işəgötürən, həm də işçi razılığını bildirməlidir.

Təcrübədə belə hallar az rast gəlinsə də, son zamanlar buna aid suallar və tələblər çoxalıb.

Bundan əlavə, müddətli bağlanmış əmək müqaviləsini müddət qurtarmamışdan əvvəl tərəflərin razılığı ilə müddətsiz, həmçinin, müddətsiz bağlanmış əmək müqaviləsini müddətli etmək mümkündür. Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər