Bir qrup Bakı sakini Azərbaycanda fəaliyyət göstərən “Muğanbank” ASC-dən Baş prokuror Zakir Qaralova müraciət edib.
Bakı şəhər sakinləri Abbas Məmmədov, Vüqar Eyvazov və Eldar İsmixanovun Trend-ə təqdim etdiyi şikayət ərizəsində qeyd olunur ki, “Muğanbank” ASC onlara məxsus 183 700 ABŞ dollarını mənimsəyib.
Müraciətdə bildirilir ki, 2016-cı ildə fərqli tarixlər olmaqla “Muğanbank” ASC-nin “Dostluq” filialına Məmmədov Abbas Dilsuz oğlu 70.000 ABŞ dolları, Eyvazov Vüqar Xəlil oğlu 68.700 ABŞ dolları və İsmixanov Eldar Vəlixan oğlu 45.000 ABŞ dolları məbləğində əmanət qismində pul vəsaiti qoyublar:
“Biz pulları xəzinədə işləyən Azad Əliyev adlı bir şəxsə təhvil vermişik. Həmin vaxt fililalın müdiri və digər vəzifəli şəxsləri də orada idilər. Eyni zamanda xəzinədə və filial binasında olan kameralar da bütün bu əməliyyatları qeydə alıb. Lakin sonradan pullarımız bank tərəfindən mənimsənildi. Belə ki, bizim banka verdiyimiz pullar yoxa çıxdı”.
Müraciətdə bildirilir ki, zərərçəkmişlərin müraciətləri əsasında Nərimanov rayon prokurorluğunda cinayət işi başlanıb: “Əslində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə – mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə) maddəsi ilə başlanılmalı olan bu cinayət işi Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə başlanıldı:
“Bir müddət istintaq aparıldıqdan sonra törədilmiş bu ağır cinayət hadisəsində bəlkə də ən az təqsiri olan və xəzinədə sıravi bir vəzifədə çalışan Azad Əliyev cinayət məsuliyyətinə cəlb edildi. Ona qarşı irəli sürülmüş ittihama əsasən guya A.Əliyev həmin pulları dələduzluq yolu ilə təkbaşına mənimsəyib”.
İddia olunur ki, A.Əliyev qeyd edilən pulları bankın daha məsul vəzifəli şəxsləri ilə birlikdə mənimsəyib: “Yəni biz pulu konkret şəxsə yox, məhz banka etibar etmişik. Əgər belə olmasaydı, biz pulu banka yox, Azad Əliyevə başqa yerdə və ya başqa məqsədlə verərdik”.
Şikayətçilər iddia edirlər ki, Nərimanov rayon prokurorluğu cinayətin əsas iştirakçılarını cinayət məsuliyyətindən əsassız olaraq kənarlaşdırıb: “Hazırda istintaq tələsik yekunlaşdırılaraq məhkəməyə göndərilir”.
Şikayətçilər məsələ ilə bağlı Baş prokuror Zakir Qaralova etdikləri müraciətdə işin Nərimanov rayon prokurorluğundan alınaraq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə həvalə edilməsini xahiş ediblər.
Bank isə bunu təqzib edir: “Mənimsəməmişik”
Bank Bakı şəhər sakinləri Abbas Məmmədov, Vüqar Eyvazov və Eldar İsmixanovun bankda əmanətlərinin olmadığını bəyan edib.
Bankdan daxil olan məlumatda bildirilir ki, A.Məmmədov, V.Eyvazov və E.İsmixanovun “Muğanbank” ASC-nin “Dostluq” filialında nəinki əmanət, ümumiyyətlə, heç bir hesabı yoxdur və olmayıb:
“Hər bir vətəndaş banka gəlib istənilən xidmətdən (kommunal ödənişlər, pul köçürmələri və s.) istifadə edə bilər və bu zaman müşahidə kameralarına da düşə bilər. Bu zaman məsul şəxslərin və işçilərin öz iş yerlərində olub vəzifələrini icra etmələri normal haldır.
Hər hansı bir vətəndaşın “Muğanbank” ASC-nin “Dostluq” filialının keçmiş xəzinədarı Azad Əliyevlə şəxsi münasibətləri və əlaqələri olubsa, bunun banka aidiyyəti yoxdur və bank buna görə heç bir məsuliyyət daşımır”.